Bank Of Baku

Azərbaycan politoloqları: “Kosovo Dağlıq Qarabağ üçün presedent ola bilməz”

Azərbaycan politoloqları: “Kosovo Dağlıq Qarabağ üçün presedent ola bilməz”
# 18 fevral 2008 11:02 (UTC +04:00)
Bu fikirləri APA-ya açıqlamasında politoloq Vəfa Quluzadə deyib. Kosovonun müstəqilliyinin elan etməsinin Dağlıq Qarabağ probleminin həlli üçün presedent olacağı ilə bağlı səslənən ehtimallara gəldikdə, politoloq bunu mümkün saymır: “Kosovo məsələsi 1999-cu ildən BMT-nin nəzarətinə keçib və bura BMT-yə tabe olub. Kosovo formal olaraq Serbiyanın tabeçiliyində idi, de-fakto isə müstəqil idi. Yuqoslaviya dağılandan sonra Serbiyanın müstəqilliyi tanındı. Dağlıq Qarabağa gəldikdə, bütün dünya buranı Azərbaycan torpağı kimi tanıyır. Ona görə Qarabağla Kosovo arasında heç bir oxşarlıq yoxdur. Azərbaycan ABŞ-ın müttəfiqidir və yaxın gələcəkdə məsələ bizim xeyrimizə həll olunacaq”.
Digər politoloq Rasim Musabəyov da Dağlıq Qarabağ və Kosovo münaqişələri arasında oxşarlıq olmadığını deyib: “Kosovonun vəziyyəti Qarabağla eyni deyil. Yuqoslaviya federasiya olanda Kosovo federasiya subyekti idi. Yəni Kosovonun muxtar vilayət olması formal xarakter daşıyırdı, əslində Kosovo ilə Serbiyanın Yuqoslaviyada hüquqları bərabər idi. Digər tərəfdən, Kosovo albanları iki milyonluq xalqdır və dünyanın gözü qarşısında Miloşeviç tərəfindən etnik təmizləməyə məruz qalıb. Qarabağda isə bunun tam əksidir, burada etnik təmizləməyə azərbaycanlılar məruz qalıb. Digər tərəfdən Kosovonu müstəqil dövlət kimi Avropada görməyə hazırdırlar, amma cırtdan, sayı yüz minə çatmayan ermənilərin qondarma qurumunu müstəqil dövlət kimi heç kim görməyəcək. Ona görə də bu münaqişələri eyniləşdirməyə ehtiyac yoxdur”.
Politoloq İlqar Məmmədov isə ermənilərin bu təcrübədən yararlanılmaması üçün dərhal sülhməramlı qüvvələr məsələsinə yenidən baxılmasının vacibliyini vurğulayıb: “Çünki Azərbaycanın da təmsil olunduğu və Kosovoda yerləşdirilən sülhməramlı qüvvələr Serbiyanın ərazi bütövlüyünü tanıyırdılar, lakin hazırkı prosesdə onlar Serbiyanın ərazi bütövlüyünü bərpa etməkdən çəkindirən əsas qüvvədir. Azərbaycan danışıqlarda prinsip etibarı ilə Qarabağda sülhməramlıların yerləşdirilməsinə razılıq verib. Bu da Kosovoda baş verənlər baxımından ciddi narahatlıq doğurur. Tutaq ki, indiki prinsiplər əsasında sülh razılaşması olsa, 15 il sonra ermənilər Dağlıq Qarabağda referendum keçirə bilərlər. Bu halda Qarabağda yerləşdiriləcək sülhməramlılar burdakı qondarma qurumun müstəqilliyinin təminatçısına çevriləcəklər. Bunun qarşısını indidən almaq lazımdır”.
Sülh və Konfliktlərin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev də Kosovo məsələsinin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir oxşarlıq olmadığını deyib: “Kosovo tamamilə unikal bir problemdir. Həm Avropa, həm Rusiya, həm Amerika Birləşmiş Ştatları bunun Dağlıq Qarabağ üçün presedent olacağı barədə bir fikir belə söyləməyib. Eynilə də Abxaziya və Cənubi Osetiya üçün. Çünki Kosovodakı əhaliyə qarşı Miloşeviçin rəhbərliyi ilə etnik təmizləmə həyata keçirilmişdi və NATO, Avropa, ABŞ ayağa qalxaraq onları öz torpaqlarına qaytardı. Dağlıq Qarabağda isə vəziyyət tam fərqlidir. Burda ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər. Kosovonın statusu məsələsində heç vaxt deyilməyib ki, Serbiya ilə Kosovo danışıqlar aparsın və hər iki tərəfi təmin edən razılıq əldə olunsun. Dağlıq Qarabağla bağlı isə belə danışıqlar aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR