Bank Of Baku

Kosovo: Presedent, yoxsa unikal hal? TƏHLİL

Kosovo: Presedent, yoxsa unikal hal?  <font color=#FF0000>TƏHLİL</font>
# 18 fevral 2008 14:34 (UTC +04:00)
Kosovo əyalət parlamentinin növbədənkənar toplantısında yekdilliklə qəbul olunan istiqlaliyyət haqqında bəyannamədə deyilir: “Kosovo Yuqoslaviyanın birtərəfli şəkildə bölünməsi nəticəsində meydana çıxmış xüsusi hal olduğunu və başqa istənilən vəziyyət üçün presedent təşkil etmədiyini qeyd edərək... Kosovonu ayrı-seçkilikdən kənar və qanun qarşısında bərabərlik prinsiplərinin idarə etdiyi dünyəvi və çoxmillətli demokratik respublika elan edirik. Kosovonun bütün icmalarının hüquqlarını qoruyacaq və irəli çəkəcək, onların siyasi proseslərdə və qərarların qəbul olunmasında effektiv iştirakı üçün zəruri şəraiti yaradacağıq”. Amma görünür, Serbiyanı bu kimi vədlər təmin etmir: baş nazir Voyislav Koştunitsa Priştinadakı səsvermədən dərhal sonra Belqraddakı milli televiziyanın efirinə çıxaraq serb xalqını birləşməyə çağırıb: “Biz dünyaya torpaqlarımızın hesabına qondarma dövlət qurulmasını qəbul etmədiyimizi göstərməliyik”. Serblər üçün Kosovo xüsusi mənəvi əhəmiyyət daşıyır, çünki bu ərazi serb xalqının beşiyi hesab olunur. Serb Patriarxal Kilsəsinin mərkəzi də müasir Kosovonun Peç şəhərində yerləşirdi. Bölgənin etnik tərkibi müxtəlif dövrlərdə əhəmiyyətli dərəcədə bir-birindən fərqlənib. 1921-ci ildə keçirilən rəsmi siyahıyaalma əyalətdə müsəlman albanların əsas element olduğunu sübut edir (329,502 və ya 75%). Bundan sonra bütün tarixi boyu Serbiya Kosovoya kütləvi şəkildə serb ailələrini məskunlaşdırma siyasəti yürütsə də, hər dəfə albanların təbii artımı qalib çıxır. 1945-ci ildə yeni sosialist Yuqoslaviyası Serbiyanın tərkibində rəsmi dilləri serb, alban və türkcə olan Kosovo muxtar əyaləti təşkil edir. Alban millətçi hərəkatı ilk dəfə 1981-ci ildə Kosovoya respublika statusu verilməsi tələbilə baş qaldırsa da, bu hərəkat mərkəzi hakimiyyət tərəfindən yatırılır. 1989-cu ildə Belqrad Kosovonun muxtariyyətini faktiki olaraq ləğv edir, əvəzində yerli parlament 1990-cı ildə müstəqilliyini elan edir və bu dövlət yalnız Albaniya tərəfindən tanınır. 1995-ci ildən etibarən separatçı Kosovo Azadlıq Ordusu (UCK) serb əhalisi və polisə qarşı partizan müharibəsinə başlayır. Qarşıdurma xüsusilə 1998-99-cu illərdə güclənir və 300 min alban torpaqlarını tərk etməyə məcbur qalır. Serbiya prezidenti Slobodan Miloşeviç 1999-cu ildə albanlara geniş hüquqlar verilməsini və NATO qoşunlarının ölkəyə yeridilməsini nəzərdə tutan Rambuye sazişini rədd etdikdən sonra 78 günlük NATO bombardmanı başlayır. Serbiyanın təslim olması Kosovonun BMT hakimiyyətinə (UNMİK) keçməsinə şərait yaradır.
Əslində Kosovo albanları bu günə çoxdan hazırlaşırdılar. Çünki hələ 2006-cı ildə Finlandiyanın keçmiş prezidenti, BMT-nin xüsusi elçisi Martti Ahtisaarinin vasitəçiliyi ilə serblər və albanlar arasında əyalətin statusuna dair danışıqlara başlamışdı. Ancaq sülh prosesi albanların qəti müstəqillik tələbi üzündən nəticəsiz qalmış, 2007-ci ildə əlavə olunan 3 aylıq danışıqlar raundu da dekabr ayında iflasa uğradıqdan sonra Kosovonun istiqlaliyyətini elan edəcəyi şəksiz görünürdü. Yeganə maneə Serbiyada yanvarda keçiriləcək prezident seçkiləri idi. Fevralın əvvəlində baş tutan ikinci turda prezident Boris Tadiçin rusiyapərəst radikal rəqibi üzərində qələbə qazanmasından sonra gözlənilən baş verdi və Kosovo müstəqilliyini elan etdi.
Yuqoslaviyanın dağılmasından sonra baş verən dövlətçilik proseslərini əslində 4 qrupda cəmləşdirmək mümkündür:
Beynəlxalq ictimaiyyət tərəfindən dövlətin zorla birləşdirilməsi və konfederativ quruluşun getdikcə mərkəzləşməyə qədəm qoyması Bosniya və Herseqovina;
Münaqişənin unitar dövlət sistemi qorunmaqla mərkəzdənqaçma ilə həll olunması Makedoniya;
Mərkəzi hakimiyyətin razılığı ilə respublikanın ayrılması Çernoqoriya;
Mərkəzin razılığı olmadan birtərəfli ayrılma Kosovo.

İndi Kosovonun müstəqilliyinin pis və ya yaxşı olmasından yox, bunun doğuracağı nəticələrdən danışmaq daha məqsədəuyğundur. Rusiya dairələri tərəfindən səsləndirilən Kosovonun postsovet məkanındakı dondurulmuş münaqişələr üçün model təşkil edəcəyi barədə fikir də bu qəbildəndir. Əslində Kosovo presedenti Qərb və Rusiya arasındakı qarşıdurmanın yeni mərhələsində növbəti siyasi alətdən başqa bir şey deyil. Moskva Serbiyanı, dolayısı ilə Balkanları təsiri altında saxlamaq üçün Kosovo ssenarisindən özünün vaxtilə 1988-92-ci illərdə yaratdığı Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanı münaqişələri üçün presedent təşkil etməklə şantaj edir, Qərb isə ciddi-cəhdlə Kosovonun xüsusi, unikal və təkrarolunmaz hal olduğunu elan edir. Bu fikrin Kosovo istiqlaliyyət bəyannaməsində də öz əksini tapmasına təsadüfi yanaşmaq olmaz.
Bu və ya digər tərəfin hansı mövqedə durmasından asılı olmayaraq doğrudan da Kosovonun postsovet münaqişələri üçün presedent təşkil etməsini söyləmək yanlışdır. Çünki hər bir münaqişənin öz spesifik cəhətləri var və ən azı Dağlıq Qarabağ ilə Kosovo münaqişələri arasında nə tarixi-coğrafi, nə prosedur, nə də nizamlanma mexanizminə görə paralellər aparmaq qeyri-mümkündür. Əgər detallara girmədən ümumi müqayisə aparsaq, aşağıdakı başlıca fərqləri görərik:
- tarixi ardıcıllıq prinsipi: Alban-serb qarşıdurmasında erməni-azərbaycanlı münasibətlərindəki üçüncü etnik faktor (Qafqaz albanları) yoxdur.
- münaqişə mirası: Kosovo münaqişəsi Yuqoslaviyanın dağılmasının birbaşa deyil, dolayı nəticəsi olub, müstəqil Serbiya tarixinin 8-ci ilində meydana çıxdığı halda Dağlıq Qarabağ məhz SSRİ-nin süqutunun gedişində meydana çıxıb müstəqil Azərbaycan dövləti ilə birlikdə doğulmuş problemdir. Dolayısı ilə postsosialist Serbiyaya verilmiş şans müstəqil Azərbaycana təqdim olunmayıb.
- ərazi iddiası: Kosovo təcrübəsində qarşı duran tərəflər Albaniya-Yuqoslaviya və ya Albaniya-Serbiya deyil və Tirana Belqrada heç bir zaman ərazi iddiası irəli sürməyib. Albaniya Ermənistandan fərqli olaraq Kosovonun ilhaq olunması barədə sənəd qəbul etməyib və Albaniya ordusu Kosovo ərazisində hərbi əməliyyatlarda iştirak etməyib.
- coğrafi amil: Kosovodan fərqli olaraq Dağlıq Qarabağ anklav ərazidir və əyalətin ətrafında əlavə ərazilər (hətta albanlar yaşayan Preşevo və Buyenovats bələdiyyələri belə) işğal olunmayıb.
- etnik təmizləmə: Kosovodan fərqli olaraq burada total etnik təmizləmə həyata keçirilməyib və münaqişə zamanı muxtar bölgə etnosu deyil, titulyar etnosun nümayəndələri məcburi köçkünə çevrilib.
- beynəlxalq müdaxilə: Azərbaycana qarşı NATO və ya hər hansı beynəlxalq qurum hərbi əməliyyat aparmayıb və Dağlıq Qarabağda inzibatı baxımdan heç bir təşkilatın üsul-idarəsi tətbiq olunmur.

Kosovo problemi Serbiya tərkibində muxtar region deyil, Yuqoslaviya çərçivəsində bərabərhüquqlu sosialist respublikası statusunu tələb edən albanların tələblərinin Belqrad tərəfindən qulaq ardına vurulması və zor metodlarına əl atılması nəticəsində meydana çıxdığı halda Azərbaycan hakimiyyətini bunda günahlandırmak mümkün deyil. Belə ki, Kosovo hadisəsini “tarixi faktların zəruri etdiyi amneziya” kimi nəzərdən keçirənlər eyni prinsiplərlə Dağlıq Qarabağ probleminə yanaşa bilməzlər. Çünki Kosovodakı zorakılıq Serbiyanın öz dövlət institutlarında islahat apararaq ərazi bütövlüyü prinsipi çərçivəsində Kosovoya demokratik özünüidarə forması təklif etməkdən boyun qaçırması, dünya ictimaiyyətinin ziddinə mürtəce siyasət yürütməsinin məntiqi nəticəsidir. Dağlıq Qarabağ təcrübəsində isə Azərbaycan birlikdə eyni dövlətin tərkib hissəsini təşkil etdiyi Ermənistanın birbaşa və dolayısı təcavüzünə məruz qalaraq, ilk mərhələdə ilhaq, ikinci mərhələdə isə separatizm gerçəkliyi ilə üz-üzə qalıb.
Bəs, Kosovo, ümumiyyətlə, ayrıca presedent təşkil edəcəkmi? Doğrudur, ABŞ prezidenti Corc Buş artıq ölkəsinin bu fakta müsbət yanaşdığını bildirsə də, onun avropalı müttəfiqləri barədə eyni sözü demək çətindir. Kosovoya dair vahid mövqe bildirməkdə çətinlik çəkən Avropa İttifaqı tanınmanın hər bir üzv ölkənin öz işi olduğunu bəyan edib. Hər halda bask, katalan, araqon və s. separatizmdən əziyyət çəkən İspaniya, Şimali Kipr problemi üzündən Yunanıstan və yunan Kipri, macar azlığının potensial təhlükə törətdiyi Slovakiya və Rumıniyanın bu addımı dərhal atacağını gözləmək sadəlövhlük olardı. Digər tərəfdən isə Serbiyanın qüdrətli müttəfiqi Rusiya məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının xüsusi iclasını çağırıb. Moskva Kosovonun dünya xəritəsində peyda olmasına qarşıdır. Bu isə yeni dövlətin BMT üzvlüyü üzünə həsrət qalacağını əvvəlcədən söyləməyə imkan verir. Belə olan halda Kosovonun əslində yarımtanınmış qurum kimi, ikinci Tayvandan başqa bir şey olmayacağını demək olar. Tayvan BMT TŞ üzvü olan Çin tərəfindən tanınmır və hər zaman Pekin tərəfindən ilhaq olunma təhdidi altında yaşayır. Çinin kommunistlərdən öncəki hakimiyyətinin qalıqlarının sığındığı adanın bütün beynəlxalq qurumlara yolu bağlıdır. Deməli, o zaman Kosovo təcrübəsinin xüsusi presedent yaradacağı barədə fikirlər də boşa çıxır.
Kosovo problemi üzrə mütəxəssis Xose-İqnasio Torreblankanın fikrincə, “Kosovonun müstəqilliyi etnik təmizləmə və ya soyqırıma əl atanlar, yaxud təməl insan hüquqlarına məhəl qoymayanlar üçün presedentdir”. Dağlıq Qarabağ münaqişəsinin elə ən əsas xüsusiyyəti də Azərbaycanın bu siyasəti tətbiq edən tərəf deyil, onun qurbanı olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR