Bank Of Baku

Qüdrət Həsənquliyev: “Bu seçkilər Azərbaycan üçün tarixi şansdır”

Qüdrət Həsənquliyev: “Bu seçkilər Azərbaycan üçün tarixi şansdır”
# 17 aprel 2008 09:24 (UTC +04:00)
- Azərbaycanda bu il keçiriləcək prezident seçkisinə altı ay qalıb. Amma siyasi mühitdə, xüsusən müxalifətdə passivlik var. Yaranmış vəziyyəti necə izah edirsiniz?
- Azərbaycanda ictimai-siyasi proseslər davam edir. Mən bir az fərqli düşünürəm və hesab edirəm ki, qabarıq görünməsə də, bugünkü münasibətlərdə müəyyən gərginlik də var. Azərbaycan müxalifətinin böyük hissəsi prezident seçkilərinin ölkə üçün hansısa problemlər və qarşıdurmalar yaratmaması üçün çalışır. Bizdə isə belə stereotip formalaşıb ki, seçkiqabağı müəyyən qarşıdurmalar, toqquşmalar olmalıdır. İnsanlarımız həmişə belə görüb, indi isə bu yoxdur. Bunun da səbəbi ənənəvi müxalifətin mövqelərinin itirilməsi, fəaliyyət dairəsinin daralmasıdır. Mənim fikrimcə, Azərbaycanda prezident seçkisi kifayət qədər gərgin keçəcək. Düzdür, bu gün bəzi YAP-çılar çox böyük həvəslə bunun əksini vurğulayırlar. Amma belə olmayacağını onlar özləri də yaxşı bilirlər. Bunun səbəbi müxalifətin güclü olması deyil, ölkədə çoxlu problemlərin varlığındadır.
- Sizcə, dediyiniz o ənənəvi müxalifətin zəifliyi nə ilə bağlıdır?
- Bu, hər şeydən əvvəl xalqın onlara inamının sarsılması ilə bağlıdır. Onlar vaxtilə qeyri-real vədlərlə çıxış edib, xalqa həlli mümkün olmayan vədlər veriblər. Bu gün də onların dediyi sözə əhalinin inamı qalmayıb. İndi Qərbin də enerji məsələlərində Azərbaycandan asılılığının yaranması ənənəvi müxalifətə dəstəyi müəyyən mənada zəiflədib. Onsuz da ənənəvi müxalifət həmişə Qərbin dəstəyinə görə bir qədər öndə olub.
- Və belə bir şəraitdə də hakimiyyətin qələbəyə inamının qətiləşməsi təbiidir...
- Hesab edirəm ki, hakimiyyətdə olan ağıllı insanlar vəziyyəti düzgün qiymətləndirə bilirlər. Ancaq ümumən Sizin fikrinizlə razıyam.
- Builki prezident seçkisində namizədliyinizi irəli sürəcəksiniz?
- Bu il mayın 24-də partiyamızın qurultayı keçiriləcək və bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Biz hazırda bir neçə partiya ilə danışıqlar aparırıq. Vahid namizədlə də çıxış edə bilərik. Hələlik bu məsələdə konkret qərar qəbul olunmayıb.
- Seçkiyə kifayət qədər az vaxt qalsa da, müxalifət hələ namizədlərini belə müəyyənləşdirməyib. Siz belə olan təqdirdə, seçkinin gərgin keçəcəyini necə deyə bilirsiniz?
- Müxalifətin seçkiqabağı ən böyük uğursuzluğu məhz bu məsələ ilə bağlıdır. İndiyə kimi namizədlər müəyyən olunsaydı, müxalifətə əlavə dividentlər gətirən faktor olardı. Təəssüf ki, bu yoxdur. Bu, tək bizim partiyadan asılı məsələ deyil. Azərbaycanda proqram və məramları üst-üstə düşən partiyalar bir araya gələrək, normal, demokratik seçki yolu ilə həmsədrlər və yaxud da sədr seçə bilərlər. Ambisiyalar bu barədə müsbət bir qərar qəbul olunmasına imkan vermir.
- Sizin seçkiqabağı mütəmadi müzakirələr apardığınız partiyalardan olan Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov siyasətdən getdiyini bəyan etdi və siyasətdə uzun müddət uğur qazana bilməyən digər həmkarlarını da belə addım atmağa çağırdı...
- Mənim bildiyimə görə, İsgəndər Həmidov Kərbəla ziyarətinə hazırlaşır. Görünür, səfərdən qabaq belə bir qərar qəbul edib. Amma siyasətdə uzun müddət uğur əldə edə bilməyənlərin getməli olması və özlərindən sonra gələnlərə yol açmasının vacibliyi ilə bağlı fikirlərlə razıyam. Ancaq belə hallar da olub ki, kimsə siyasətdən gedib və bir müddət sonra yenidən qayıdıb. Burada möhürlənmiş qayda-qanun yoxdur. Siyasət də həyatın bir hissəsidir. Burada da qəribəliklər və özünəməxsusluqlar var. Adətən bir adam siyasətdən gedir, sonra siyasətsiz yaşaya bilmədiyini görüb geri qayır. Vaxtilə Xalq Cəbhəsi hakimiyyətdən gedəndə Arif Hacılı da siyasətdən getdiyini bəyan etmişdi, amma sonra geri qayıtdı. İsgəndər Həmidovun da qərarına hörmətlə yanaşıram, amma bir gün onun da siyasətə qayıdacağını mümkün sayıram və həmin vaxt kiminsə bunu top-tüfənglə qarşılamasını da normal qiymətləndirmirəm.
- Sizcə, niyə bu gün müxalifətdən və qeyri-hökumət təşkilatlarından daha çox media müzakirə olunur?
- Çünki siyasətçilər sözünü media vasitəsi ilə deyir. Mən siyasətçilərin əvəzinə jurnalistlərin həbs olunmasına dair fikirlərlə müəyyən mənada razılaşmıram. Bəzi jurnalistlər özlərini media təmsilçisindən daha çox müxalifət nümayəndəsi kimi aparır. Yaranmış gərginliklər də əsasən bununla bağlıdır. Məsələn, konkret halda “Azadlıq” qəzetinin ətrafında yaranmış gərgin siyasi iddialarla bağlıdır. Hər kəs bu qəzetin Əli Kərimli tərəfindən idarə edildiyini bilir. Bəzən Əli Kərimli özü deyə bilmədiyi sözü hansısa jurnalistə sifariş verməklə yazdırır. Belə olanda həmin jurnalist hədəfə çevrilir. Burada söhbət bəzi siyasilərin jurnalistlərin arxasında gizlənməsindən gedir.
- Belə məlumatlar var ki, bəzi beynəlxalq təşkilatlar prezident seçkisinin Azərbaycanda Ermənistandakından daha pis keçməsi üçün müəyyən işlər görür. Azərbaycanda mövcud olan siyasi situasiyada bunu həyata keçirmək nə dərəcədə realdır?
- Azərbaycanın bölgədə super gücə çevrilməsini istəməyən bəzi beynəlxalq qüvvələr təbii ki, ölkəmizin imicinin Ermənistandan yüksək olmaması üçün çalışacaqlar. Hansı ki, onlar bu gün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına göz yumub, iki ölkə arasında bərabərlik işarəsi qoymağa çalışırlar. Müəyyən qüvvələrin Azərbaycanda seçkinin Ermənistandan da pis keçməsi üçün çalışması barədə məlumatlar məndə də var. Onlar çalışacaqlar ki, orda 8 nəfər ölübsə, Azərbaycanda ölənlərin sayı 10 olsun. Azərbaycan dövləti də bunu nəzərindən qaçırmamalıdır. Belə təhlükənin olması barədə ölkənin əsas qüvvələri və əhali ilə müəyyən iş aparılmalıdır. Əməkdaşlığa hazır olan partiyalarla müzakirələr keçirilməli və müəyyən razılaşmalar olmalıdır. Bu seçki Azərbaycan üçün tarixi şansdır. Biz bu seçkinin çox ədalətli keçməsinə nail olmalıyıq. Biz sübut etməliyik ki, Azərbaycan tək iqtisadi vəziyyətinə görə deyil, insan haqları və demokratiya baxımından da Ermənistandan öndədir. Kim bu şansın həyata keçirilməsinə mane olursa, o, Qarabağın qaytarılmasına mane olur. Məncə, bu istiqamətdə hökumətin üzərinə böyük məsuliyyət düşür.
- Belə olan təqdirdə, hakimiyyətlə müxalifət arasında dialoqun bərpa olunması nə dərəcədə zəruridir?
- Bu, mütləq olmalıdır. Özü də dialoq ATƏT-in və ya hansısa təşkilatın vasitəsi ilə deyil, Azərbaycan hökuməti tərəfindən həyata keçirilməlidir. Bu görüşü Prezidentin İcra Aparatının və yaxud Yeni Azərbaycan Partiyasının rəhbərliyi səviyyəsində keçirmək mümkündür.
- Milli Məclis niyə az işləyir?
- Ayda cəmi 1-2 iclas keçirilir. Əslində iş çoxdur. Amma Məclis zəif fəaliyyət göstərir. Hətta prezident Milli Məclisin iclasında demişdi ki, ölkənin inkişafı ilə bağlı parlamentdən kömək gözləyir.
- Milli Məclis o köməyi göstərə bilir?
- Xeyr. Parlamentdəki çoxluq hesab edir ki, bu qaydada işləmək daha yaxşıdır. Ayda iki iclas keçirib protokol xarakterli məsələlərə səs verməklə işlərini yekunlaşdırırlar. Bir sessiya müddətində cəmi 5-6 iclas keçirilir. Əslində demokratik ölkələrin parlamentlərinin iş fəaliyyətinin 2/3-si ölkə həyatının önəmli hadisələrinin müzakirəsinə həsr olunur. Yəni parlament zəruri hesab etdiyi istənilən məsələ ilə bağlı müzakirə keçirib, qərar qəbul edə bilər. Bu qərarlar hökumət üçün məcburi xarakter daşımır. Amma indiki halda deputatın qaldırdığı məsələnin gündəliyə daxil edilib-edilməməsini belə səsə qoymurlar. Məncə, keçirilən müzakirələrə yekun vurmağın özü də müəyyən bacarıq tələb edir. Görünür, burada da Milli Məclis rəhbərliyinin müəyyən çətinlikləri var.
- Bəzi deputatlar iclas zamanı vaxtlarının çoxunu çayxanada keçirirlər...
- Belə hallar olur və mən buna pis baxmıram.
- Hətta elə həmkarlarınız var ki, onların əvəzinə başqaları səs verir...
- Mən çalışıram ki, maksimum dərəcədə özüm səs verim.
- Siyasi həyatdan fərqli olaraq, şəxsi həyatınızda vəziyyət necədir?
- Siyasətçinin həyatı normallaşdırılmamış iş rejimindən ibarətdir. Bəzən istirahət üçün getdiyin yerdə də siyasətlə məşğul olmağa məcbur olursan. Çalışıram ki, siyasətdən kənar vaxtımı bu sahəyə dəxli olmayan dostlarımla keçirim.
- Dostlarınızla olanda daha çox hara gedirsiniz?
- Çay içməyə, futbol oynamağa. Açığı, indi mənim boş vaxtım çox az olur. Vaxt tapan kimi ingilis dilini öyrənməklə məşğul oluram. Bu sahədə bir qrup millət vəkili öz üzərində ciddi işləyir.
- Öyrənə bilirsiniz?
- Alınır. O qədər yüksək səviyyədə olmasa da, indi öz fikrimi ifadə edə bilirəm.
- Avtomobilinizdə hansı radionun səsi gəlir?
- BBC-nin ingilis dilində xəbərlərini daha çox dinləyirəm. Amma bir az yorulanda 106.3 radiosunda olan musiqilərə daha çox qulaq asıram. Orda Azərbaycan musiqiləri verilir, rəngarənglik olur. Xalq mahnılarını daha çox dinləyirəm. Amma yaradıcılığını xüsusi izlədiyim, xüsusi pərəstiş etdiyim müğənni yoxdur, amma hörmət etdiklərim var.
- Teatra sonuncu dəfə nə vaxt getmisiniz?
- Bir il bundan əvvəl. Etiraf edirəm ki, bu, yaxşı hal deyil. Həmin vaxt da prezidentin iştirakı ilə bir tədbir idi, onda getmişəm. Ancaq belə bir ənənənin yaradılmasının tərəfdarıyam. Məsələn, Milli Məclisin spikeri hansısa tamaşaya 100 bilet sifariş verə və parlamentin deputatları ilə birgə orada iştirak edə bilər. Bir də bu mədəni tədbirlərdən söz düşmüşkən, bir şeyi demək istəyirəm. Azərbaycanda mədəni tədbirlərə, ziyafətlərə məmurları, millət vəkillərini, tanınmış ictimai adamları tək dəvət etmək ənənəsi hələ aradan qaldırılmayıb. Əslində belə tədbirlərə insanları həyat yoldaşları ilə birgə dəvət etsələr, daha yaxşı olar. Bu, həm də o insanların cəmiyyətin həyatında fəal iştirakları üçün bir stimul olar.
- Kitab oxuyursunuz?
- Təəssüf ki, son vaxtlar buna vaxtım olmur. Amma mən özüm üçün qərar qəbul etmişəm ki, yenidən Azərbaycanın klassiklərini oxuyacağam. Bir az imkan olan kimi bu işə başlayacağam.
- Hansı komandaya azarkeşlik edirsiniz?
- Azərbaycanda “Neftçi” komandasına, bir də türk futbol klublarına azarkeşlik edirəm.
- Mətbuatda tez-tez Sizin böyük biznesinizin olması haqqında yazılır. Bu, nə qədər doğrudur?
- Heç həqiqəti əks etdirmir. Təki yazdıqları düz olaydı, amma belə deyil. Bir çörək dükanım belə yoxdur. Ancaq ailə üzvlərimiz arasında böyük də olmasa, bizneslə məşğul olanlar var.
- Övladlarınız barədə bir az danışardınız...
- Qızım birinci sinfə gedir, oğlum da bağçaya. Onlar da ingilis dilini öyrənir.
-İngilis dilində onlar yaxşı danışır, yoxsa Siz?
- İndiki halda mən. Amma bir az sonra yəqin qızım məndən yaxşı danışacaq. Açığını deyim ki, indi oğlum kompüteri məndən daha yaxşı bilir. O, kompüterdə elə sistemlər açır ki, mən bunu bacarmıram.
- Ən çox kimdən ötrü darıxırsınız?
- Qardaşımdan ötrü. Bilirsiniz, qardaşım faciəli şəkildə qətlə yetirilib. Onu bir saniyə belə yaddan çıxara bilmirəm...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR