Bank Of Baku

Qənirə Paşayevanın hazırladığı Ermənistanın Cənubi Qafqazda gərginliyin artmasına təsir göstərən addımlarına dair qərar üçün qətnamə layihəsi AŞ PA Katibliyinə göndərilib

Qənirə Paşayevanın hazırladığı Ermənistanın Cənubi Qafqazda gərginliyin artmasına təsir göstərən addımlarına dair qərar üçün qətnamə layihəsi AŞ PA Katibliyinə göndərilib
# 17 aprel 2008 11:49 (UTC +04:00)
Bu barədə APA-nın Avropa bürosuna açıqlama verən millət vəkili bildirib ki, qərar üçün qətnamə layihəsi Avropa Şurasının ən ciddi sənədlərindən hesab olunur: “Prosedur qaydalara görə, bu sənəd Avropa Şurasına üzv olan ən azı 5 dövlətin 20 deputatı tərəfindən imzalanmalıdır. Sözügedən sənəd AŞ PA Bürosunda müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Bu sənədə İtaliya, Moldova, Litva, Almaniya, Türkiyədən olan deputatlar da imza atıblar. Biz lazım olandan daha çox imza toplamağa nail olduq. Sözügedən sənəd AŞ PA üzvlərinin diqqətinə çatdırılmaq üçün çap olunub və yaxın zamanlarda qurumun Bürosunda və Avropa Şurasının digər strukturlarında diqqət mərkəzində olacaq”. Sənədin Ermənistanın Cənubi Qafqazda gərginliyin artmasına təsir göstərən addımlarına həsr olunduğunu deyən Qənirə Paşayeva qətnamə layihəsində bir neçə məsələnin vurğulandığını bildirib: “Birincisi, Ermənistan hakimiyyətinin ölkədə prezident seçkilərini beynəlxalq hüququn norma və prinsiplərinə, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnaməyə, BMT qətnamələrinə zidd şəkildə keçirməsi, həmçinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında aparılan danışıqlar prosesini zərbə altına qoyaraq Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində də seçki keçirməsi məsələsi öz əksini tapıb. İkinci məsələ odur ki, Ermənistan hakimiyyəti seçkilərdən dərhal sonra ölkədə elan etdikləri fövqəladə vəziyyət rejiminə beynəlxalq təşkilatların, ictimaiyyətin sərt reaksiyasını gördükdən sonra diqqəti yayındırmaq məqsədi ilə işğal etdikləri Azərbaycan ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinə və mülki insanlara hücumlar təşkil edirlər. Bunun nəticəsində ölən və yaralananlar var. Bu cəhdlərin qarşısı alınsa da, ermənilərin atdıqları addımlar bölgədə vəziyyəti gərginləşdirib. Sənəddə göstərilir ki, Ermənistan gərginliyin artmasına yönələn addımları davam etdirir, mütəmadi olaraq atəşkəs rejimini pozurlar. Bu isə danışıqların dinc yolla həll olunmasını zərbə altına qoyur”. Qənirə Paşayevanın sözlərinə görə, sənəddə bildirilir ki, Ermənistan prezidenti Serj Sərkisyan həm seçkiqabağı təbliğat kampaniyası zamanı, həm də inauqurasiya mərasimində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daha da gərginləşdirən, danışıqlar prosesini zərbə altına qoyan açıqlamalar verib: “Digər məsələ odur ki, Ermənistan parlamenti bu yaxınlarda münaqişənin dinc yolla nizamlanmasını təhlükə altına qoyan sənədləri müzakirəyə çıxarıb. Həmin sənədlərdə vurğulanır ki, Ermənistan işğal etdiyi ərazilərə sürətlə əhali köçürməlidir. Bununla da Azərbaycan çıxılmaz vəziyyətə salına və fakt qarşısında qoyula bilər. Sənədə imza atan deputatlar AŞ PA-nın Ermənistanın bu addımlarına qiymət verməsini, vəziyyəti gərginləşdirəcək addımları dayandırmaq üçün daha sərt mexanizmlərə əl atmağı tələb edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR