Bank Of Baku

AŞ PA Ermənistana dair qətnamə qəbul edib

AŞ PA Ermənistana dair qətnamə qəbul edib
# 17 aprel 2008 13:10 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, deputatlar Jorj Kolombye (Fransa) və Con Preskotun (Böyük Britaniya) hazırladığı qətnamə layihəsi 93 deputatın lehinə səs verməsi ilə qəbul olunub. Fövqəladə müzakirələrdə çıxış edən Con Preskot Ermənistanda müsbət adlandırılacaq bəzi məqamların olduğunu bildirib: “Məsələn, ölkə Konstitusiyasına dair referendumun keçirilməsi buna misaldır. Bununla belə biz həmişə qeyd etmişik ki, bu kimi müsbət addımlar kifayət deyil. Ermənistan heç də bütün tövsiyələri yerinə yetirmir, ona görə də bu gün belə fövqəladə müzakirələrin keçirilməsinə ehtiyac var. Bu gün Ermənistanda demokratik institutlara qarşı etimad yoxdur və onların fəaliyyətinə şübhə ilə yanaşılır. Seçkilərdən sonra bu qədər insanın küçələrə çıxmasının səbəbi də bu etimadsızlıq idi. Seçkilərdən sonra baş verən faciəli hadisələr zamanı 10 nəfər ölüb, arasında 3 deputatın da olduğu yüzdən artıq insan həbs edilib. Prezidentliyə namizəd Levon Ter-Petrosyan ev dustağı edilmişdi. Biz bu ölkədə nə baş verdiyini lazımi şəkiləd öyrənməliyik, yaranmış vəziyyətə aydınlıq gətirilməsi üçün xüsusi müstəqil təhqiqat aparılmasına ehtiyac duyulur. Belə təhqiqatın aparılması əhalinin bu institutlara qarşı etimadının möhkəmlənməsinə xidmət edə bilər. Avropa Şurası və ümumilikdə beynəlxalq ictimaiyyət xüsusi monitorinq səviyyəsində bu istintaqın gedişinə yardım edə bilərlər. Hesab edirəm ki, vəziyyət belə davam etsə, Ermənistanın Avropa Şurasının üzvü kimi nüfuzuna böyük zərər dəyəcək”. Con Preskot müzakirəyə çıxarılmış qətnamə layihəsində Ermənistana yönəlik bəzi tövsiyyələrin yer aldığını bildirib: “Bizim Ermənistana qısa və konkret tövsiyəmiz belədir: Əgər bizim bu təkliflərimizə müsbət reaksiya olmasa, bütün bunları növbəti sessiyaya qədər nəzərə alacağıq. Və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı hüquqularının dondurulması ilə bağlı konsensusa gəlmək vacibdir”. Fransalı deputat Jorj Kolombye isə bildirib ki, Ermənistanın Avropa Şurasının üzvü kimi etibarı şübhə altındadır: “Əgər Ermənistan qətnamədəki tələb və tövsiyələri yerinə yetirməsə və müəyyən irəliləyiş olmasa komitə iyun sessiyasında bu ölkənin nümayəndə heyətinin səsvermə hüquqlarının dondurulması məsələsinə baxmalıdır”. Müzakirələrdən sonra tövsiyə xarakterli qətnamə böyük səs çoxluğu ilə qəbul olunub. Müzakirələr zamanı Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvləri Səməd Seyidov və Gültəkin Hacıyeva da çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR