Bank Of Baku

Xanlar Hacıyev: “İnsan öz hüquqlarını öz ölkəsində müdafiə və bərpa edə bilməlidir” - EKSKLÜZİV

Xanlar Hacıyev: “İnsan öz hüquqlarını öz ölkəsində müdafiə və bərpa edə bilməlidir” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 17 aprel 2008 13:56 (UTC +04:00)
- Avropa Şurası Parlament Assambleyasının sessiyasında yenidən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi seçilməyinizi necə dəyərləndirirsiniz?
- Təbii ki, bu mənim üçün yaxşı nəticədir. Düzdür, etiraf etmək lazımdır ki, proses bir qədər uzun çəkdi. Mən indi bütün bunlara qiymət vermək istəmirəm. Hər halda, yəqin ki, hər kəs özü üçün nəticə çıxaracaq. Azərbaycandan olan namizədlər siyahısında adımın olmasına görə ilk növbədə Azərbaycan dövlətinə, ölkə başçısına minnətdarlığımı bildirirəm. Eyni zamanda Avropa Şurası Parlament Assambleyasında seçim edən insanlara təşəkkür edirəm. Mən 31 oktyabr 2013-cü ilə qədər Avropa Məhkəməsinin hakimi kimi fəaliyyət göstərəcəyəm. Bu, uzun müddətdir, indidən sabah nə baş verəcəyini demək çətindir. Məqsədim fəaliyyətimi ədalətli, qərəzsiz davam etdirmək, Azərbaycanı layiqincə təmsil etməkdir. Beynəlxalq miqyasda çalışan hakimə olan tələblər daha böyükdür. Burada baxılan işlərin sayı çox olur və üstəlik sən hər bir işlə bağlı gərək doğru, dəqiq mövqe bildirəsən. Bu, insandan təkmil biliklər, öz üzərində daimi olaraq işləmək tələb edir. Mən də çalışıram. Onu da bilirəm ki, qazandığım bilikləri nə zamansa vətənimdə gənclərlə paylaşacağam.
- Avropa Məhkəməsində indiyə qədərki fəaliyyətinizə münasibətiniz necədir?
- Bura gələn hər insan ilk iki ildə Avropa Məhkəməsinin necə çalışdığını, iş mexanizmini öyrənir. Vaxt da çox az olur. Yadımdadır, mən birinci gün bura işə çıxanda işləri qarşıma qoyub çıxıb getdilər. Başa düşdüm ki, özüm işi oxumalı, başa düşməliyəm. İlk iki ildə bu yolu mümkün qədər qısa keçməyə çalışdım. Sonrakı mərhələdə isə başa düşdüm ki, hər müzakirə olunan məsələ ilə bağlı fikrini utanmadan deməliyəm. Utanmamaq üçünsə yetərincə biliklərin olmalıdır. Avropa Məhkəməsinin fəaliyyəti əsasən İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasının normalarını şərh etməkdən və onları hər konkret işdə tətbiq etməkdən ibarətdir. Təbii ki, bu iş president əsasında qurulur. Yəni bir işə baxanda məhkəmənin bu iş üzrə hansı təcrübəsi olduğunu bilməlisən. Əlbəttə, hər bir hüquqşünas düzgün düşüncə tərzinə malik olmalı, hüququn prinsiplərini, onları necə tətbiq etməyi yaxşı bilməlidir. Burada baxılan işlərin asanları da, çətinləri də var. Elə işlərlə qarşılaşıram ki, o barədə fikir söyləmək, bir nəticəyə gəlmək çətin olur. Amma istənilən halda mövqe ortaya qoymalıyam.
- Bu günə kimi Avropa Məhkəməsində Azərbaycanla bağlı qəbul edilən qərarlarla razılaşırsınızmı?
- İnsan üzvü olduğu ailədə qəbul olunan qaydalara riayət etməlidir. Bunu qəbul etmək başqalarının da sənə hörmət etməsinə nail olmaq deməkdir. Bir hakim kimi dövlətə qarşı olan işdə iştirak edirəmsə, qəbul edilən qərarın əleyhinə çıxmaq istəyəndə gərək xüsusi rəy yazım. Bu rəy olmayanda isə sadəcə əleyhinə səs vermək olmaz. Onda adamdan soruşarlar ki, bir halda ki, həmin işlə bağlı məhkəmə düzgün nəticəyə gəlib, qərara aid xüsusi, əsaslandırmış etirazın yoxdur, onda boş yerə əlini qaldırıb, nəyə görə əleyhinə səs verirsən? Buna görə də xüsusi rəy yazıb, fikrinin nəyə əsaslandığını sübut etməlisən. Əgər həmin məsələ ilə bağlı hüquqi düşüncə, xüsusi rəyin yoxdursa, o zaman özünü gülünc vəziyyətə salmış olacaqsan. Xüsusi rəy məhkəmənin qərarı ilə birgə dərc olunur və hamı sənin mövqeyini görür. Əsassız olaraq dövlətini müdafiə edən hakimlərə qarşı başqa hakimlər tərəfindən münasibət pis olur. Amma əsası olan yerdə dövləti yox, hüququ müdafiə etmiş olursan. Sizə deyim ki, Azərbaycandan Avropa Məhkəməsinə daxil olan işlər əsasən sadə işlərdir. O işlərdə qanun pozuntusu olduğunu görmək üçün o qədər də böyük ağıla malik olmaq lazım deyil. Bu yaxınlarda Bakıda mühazirə oxuyanda əvvəlcə məni başa düşmədilər, çoxsaylı suallardan sonra fikrimi izah edə bildim. Məhkəmə bir işə baxanda ilk növbədə pozuntunun hüquqa hansı müdaxilə nəticəsində baş verdiyini aydınlaşdırır. Məhkəmə müdaxilənin milli qanunvericilik əsasında olub-olmadığını, müdaxilənin hansı məqsədi güddüyünü də yoxlayır. Yəni aydınlaşdırır ki, bu zaman qanuni məqsəd güdülüb, yoxsa başqa bir niyyət var. Ümumiyyətlə, hüquqa müdaxilənin proporsional olması, demokratik cəmiyyətdə qəbul olunması məsələsi öyrənilir. Azərbaycandan daxil olan bəzi şikayətlərə baxanda görünür ki, həmin işlərə baxılan zaman bizim milli qanunvericiliyə müdaxilə edilib. Daha doğrusu, milli qanunvericiliklə həmin hüquqa müdaxilə nəzərdə tutulmayıb. Yəni, bu hallar ilk növbədə mili qanunvericiliyə, sonra isə Avropa Konvensiyasına ziddir. Biz həmişə çıxışlarımızda deyirik və arzu edirik ki, Azərbaycanın hüquq orqanları Avropa Konvensiyasına əməl etsinlər. Amma onlar heç olmasa əvvəlcə Azərbaycan Konstitusiyasına, qanunlara riayət etsinlər, sonra isə Avropa Konvensiyasını düşünsünlər. Məsələn, Avropa Məhkəməsinə daxil olan işdə Konvensiyanın 11-ci maddəsi - azad birləşmək hüququ - üzrə pozuntu tapılırsa, görərsiniz ki, həmin iş üzrə müraciət edən ictimai təşkilatın qeydə alınmaqla bağlı ərizəsinə mili qanunvericiliklə nəzərdə tutulan müddətdə baxılmayıb. Baxılma müddəti xeyli uzanır və pozuntu faktı əmələ gəlir. Başqa bir misal da deyə bilərəm. İndi biz məhkəməyə daxil olan bir işi yoxlayırıq. Görürük ki, vətəndaşın başqa yerə getməməsi barədə qərar verilib. Məlum olur ki, onun barəsində cinayət işi xətm olunub, nəzərdə tutulan müddət başa çatıb, amma vətəndaşın üzərində olan qətimkan tədbiri götürülməyib. Bu hal da milli qanunvericiliyin kobud şəkildə pozuntusudur. Təbii ki, bu faktlara fikir vermək lazımdır. Azərbaycanda yaxşı məhkəmə sistemi qurulub. Amma məhkəmə instansiyalarının çoxluğu o demək deyil ki, sadə bir səhv düzəldilməsin. İş birinci instansiyadan sonra apellyasiya, kassasiya, bəzən hətta Konstitusiya məhkəmələrindən keçir, amma bura çıxanda görürsən ki, səhv düzəldilməyib. Bir var ki, hansısa bir məsələ ilə bağlı hüquqi mübahisə yaransın, görsünlər ki, bu hal hüquqi mübahisə nəticəsində ortaya çıxıb və Avropa Məhkəməsi bu məsələni korreksiya etsin. Bu başqa məsələdir. Bir də var ki, milli qanunvericilik pozulsun. Öz mili qanunvericiliyinə hörmət etməmək təkcə qüsur deyil.
- Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını icra vəziyyəti qaneedicidirmi?
- Bilirsiniz ki, Avropa Məhkəməsinin qəbul etdiyi qərarların icra vəziyyəti ilə Avropa Şurasının Nazirlər Komitəsi məşğuldur. Onlar qərarların icra vəziyyətini izləyir və icra edən dövlətlə əlaqə saxlayırlar. Mən hələlik Azərbaycanla əlaqədar elə bir problemlə tanış deyiləm. Biz çalışmalıyıq ki, qanunvericilidə və adminstrativ məhkəmə praktikasında olan hansısa naqisliyi özümüz aradan qaldıraq. Avropa Konvensiyasının işləməsi subsidial xarakteri daşıyır. Milli orqanlar insan hüquqlarının müdafiəsində cavabdehdirlər. Dövlət özü məhkəmə-hüquq sistemini elə qurmalı, elə effektiv işləməyə hazırlaşdırmalıdır ki, bu institutların baxdığı hər bir işdə ədalət bərqərar olsun və insan hüquqları müdafiə edilsin. Avropa Məhkəməsinin qərarları dövlət üçün hüquq sistemində, qanunvericilikdə, məhkəmə təcrübəsində olan çatışmazlıqları özünün aradan qaldırması baxımından impulsdur. Bu, bilavasitə Azərbaycan Konstitusiyasının da tələbidir.
- İndiyə kimi Azərbaycandan Avropa Məhkəməsinə neçə şikayət daxil olub?
- Sözün düzü, konkret rəqəm söyləmək çətindir, çünki rəqəmlər tez-tez dəyişir. Mən Avropa Məhkəməsinə yeni gələn vaxtlarda Azərbaycandan 800 şikayət daxil olmuşdu. Amma sonradan həmin şikayətlərin əksəriyyəti qəbul olunmaz hesab edildi. Bu ona görə belə oldu ki, vətəndaşların Avropa Məhkəməsi, Avropa Konvensiyası barədə az informasiyaları var idi və şikayətlərin hansı tələblər əsasında qəbul olunduğunu nəzərə almamışdılar. Amma indi Azərbaycanın hüquqşünasları, vəkilləri şikayətlərin necə tərtib etməyin qaydaları bilirlər. Son zamanlar göndərilən şikayətlər əvvəlkilərdən fərqlənir. Onu da deyim ki, hələlik burada bir azərbaycanlı hüquqşünas çalışır. İkinci hüquqşünas isə yalnız qəbul olunmayan şikayətlərlə məşğuldur. O müvəqqəti müqavilə əsasında işə götürülüb. Yaxın zamanlarda ikinci hüquqşünasın uzunmüddətli müqavilə əsasında işə götürülməsi nəzərdə tutulub. Bu, şikayətlərə baxılmasını tezləşdirməyə xidmət edəcək. İndi isə bir işçi ilə şikayətləri vaxtlı-vaxtında hazırlamaq çətindir. Bəzən Azərbaycandan çətin məsələlərlə bağlı şikayətlər də gəlib çıxır və tərəflərin məhkəmə ilə yazışması uzun vaxt tələb edir.
- Bir çoxları Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayının çoxluğunu ölkə üçün çox mənfi hal kimi qiymətləndirirlər. Sizcə, bu belədirmi?
- Xeyr, mən burada faciəvi heç nə görmürəm. Tənqid edənlər də, etməyənlər də insafla yanaşanda başa düşürlər ki, həqiqətən də hansısa məsələdə səhvə yol verilib. Milli hüquq sistemində yol verilən səhvlər düzəlməyib deyə həmin işlər Avropa Məhkəməsinə gəlib çıxıb. Mən sizə səmimi deyirəm, Avropa Məhkəməsinin özünün də marağı yoxdur ki, bura bu qədər çox şikayət daxil olsun. İlin axırında məhkəmədə 103 min baxılmamış ərizə qalmışdı. Avropa Konvensiyasının 14-cü protokolunu Rusiya ratifikasiya etmədiyi üçün hələlik qəbul olunmayıb. Həmin protokolun məqsədi şikayətlərə baxılmasını tezləşdirməkdir. Bizim sədrimizin sonuncu çıxışlarının birində deyilir ki, dövlətlər öz vətəndaşlarının hüquqlarını elə müdafiə etsinlər ki, Avropa Məhkəməsi əlavə bir instansiya kimi yüklənməsin. Şikayətlərin sayı artdıqca, baxılma məsələsi ilə bağlı çətinliklər yaranır. Vaxt gələ bilər insanlar bu sistemin effektivliyinə inamlarını da itirə bilərlər. Bir daha təkrar edirəm ki, şikayətlərin sayının çoxluğunda faciəvi nəsə görmürəm. Faciəvi hal kimi səhvə yol verilməsinə baxmaq lazımdır. İnsan öz hüquqlarını öz ölkəsində müdafiə və bərpa edə bilməlidir.
- Bu gün Avropa Məhkəməsinə hansı ölkələrdən daha çox şikayət daxil olur?
- Azərbaycan ən çox şikayət daxil olan ölkələrin sırasında deyil. Yəqin ki, yaxın gələcəkdə də bu sırada olmayacağıq. Ən çox şikayət isə Rusiyadan daxil olur. Sonrakı isə Türkiyə, Ukrayna, Polşa, Rumıniya, Sloveniya gəlir. Sloveniya inkişaf etmiş, Qərbə yaxın ölkə olsa da, oradan Avropa Məhkəməsinə daxil olan şikayətlərin sayı çoxdur. Amma onlardan olan şikayətlər əsasən bir məsələyə, işlərə ağlabatan müddətdə baxılmamasına yönəlib. Bu da onların qanunvericiliyinin hansısa çatışmazlığından irəli gəlir. Azərbaycandan olan şikayətlər isə Avropa Konvensiyasının cürbəcür maddələrinin pozulması ilə bağlıdır. Bunu aradan qaldırmaq üçün isə parlamentdə qanunvericiliyə əlavə qəbul etmək yox, gündəlik məhkəmə praktikasını və hakimlərin fəaliyyətini düzgün qurmaq lazımdır. Onlar qərəzsiz, ədalətli qərarlar çıxarmalıdırlar. Mən demirəm ki, Azərbaycanda bu sahədə vəziyyət pisdir. Bizdə çox işlər görülür, amma işə daha məsuliyyətlə yanaşmaq gərəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR