Bank Of Baku

Azərbaycan qlobal pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ilk addımlar atan ölkələrdən biridir

Azərbaycan qlobal pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ilk addımlar atan ölkələrdən biridir
# 18 dekabr 2021 00:05 (UTC +04:00)

Bu gün bütün dünyada Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu inkişafı etiraf edilir, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal layihələrdən geniş bəhs olunur, aparılan islahatların sosial şəraitə, insanların yaşayışına önəmli təsir göstərdiyi vurğulanır. Eyni zamanda, Azərbaycan COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizənin önündə gedən ölkələrdən biri kimi dəyərləndirilir, bu istiqamətdə irəli sürdüyü təşəbbüsləri dəstəklənir.

Respublikamız dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin, imkanlı ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını bildirib. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında da “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını yenidən vurğulayıb.

Sonuncu məsələ ilə bağlı qeyd edim ki, bu il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videomüraciət vasitəsilə çıxış edən dövlətimizin başçısı bir daha dünyada mövcud olan peyvənd millətçiliyini kəskin qınayaraq, Azərbaycan tərəfindən, eləcə də Qoşulmama Hərəkatı adından peyvəndlərə universal çıxışın reallaşdırılması barədə BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini bildirib. Noyabr ayının 18-də isə BMT Baş Assambleyanın 3-cü komitəsi tərəfindən (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunaraq, səsvermə ilə qəbul edilib.

Qətnaməyə münasibətdə bitərəf qalan 7 ölkədən biri regionda ən az peyvəndləmə səviyyəsinə malik olan və bu dəhşətli virus qarşısında mübarizədə aciz vəziyyətə düşən Ermənistandır. Düşmən dövlətin Azərbaycan tərəfindən irəli sürülən bu humanitar xarakterli taleyüklü təşəbbüsə belə münasibəti uğurlarımıza qısqanc münasibətindən, faşist xislətindən irəli gəlir.

Yeri gəlmişkən, sözügedən qətnamənin bu ay ərzində artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacağı gözlənilir. Bu isə onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin birləşdirilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirir. Həmçinin bu amil əksər dünya ölkələrinin özünə qapandığı bir dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən biri olduğunun təsdiqidir.

Ümumiyyətlə, cənab İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra qlobal təşəbbüslərin müəllifi kimi böyük nüfuz qazanıb. Dövlətimizin başçısının təşəbbüsü ilə gerçəkləşən Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı, dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə gerçəkləşən BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası, Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin bu ilin mart ayında yekdilliklə qəbul olunması da bunun bariz ifadəsidir.

Azərbaycan yuxarıda vurğulananlarla bərabər, pandemiya ilə mübarizə çərçivəsində özünün maliyyə resursları hesabına beynəlxalq səviyyədə verdiyi töhfələr-ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə və beynəlxalq təşkilata koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə köməyi göstərib, o cümlədən ÜST-yə 10 milyon dollar məbləğində könüllü yardım edib. Həmçinin dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərməsi ilə də pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyə və əməkdaşlığa dəyər verən ilk ölkələrdən biri olduğunu təsdiqləyib.

Azərbaycan bu gün təkcə beynəlxalq miqyasda deyil, həm də respublika daxilində dünya ölkələrinin əksəriyyətində dərin sosial-iqtisadi tənəzzülə yol açan COVID-19 pandemiyasına qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsində mühüm uğurlar əldə edib. Prezident İlham Əliyev noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısındakı çıxışında bununla bağlı deyib: “Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir...”.

Ölkəmiz COVID-19-un təsirlərinin azaldılmasına pandemiyanın nəzarətdə saxlanılması, onun qarşısının alınması üçün preventiv və profilaktik tədbirlərin gücləndirilməsi, vaksinasiya prosesinin daha səmərəli, eyni zamanda, sürətlə aparılması, zəruri vaksin təminatının yaradılması ilə nail olub. Bununla bağlı xatırladım ki, respublikamızda cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasının başlanılıb, hər 100 nəfərə istifadə edilən vaksin dozalarının həcmi 80 faizdən artıq olub, həmçinin bu dəhşətli bəlanın təsirinə məruz qalan əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün sosial-iqtisadi paket reallaşdırılıb. Həmçinin ölkədə iqtisadi artımın bərpası və sürətlənməsində pandemiya ilə bağlı iqtisadiyyata genişmiqyaslı dəstək proqramları həyata keçirilib. Bu məqsədlə cari il noyabrın 1-dək 243 mindən çox muzdlu işçiyə 250 milyon manatadək vəsait ödənilib, 108 minədək fərdi (mikro) sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib. Məhz bunun nəticəsidir ki, respublikada cari ilin doqquz ayı ərzində ÜDM 4,8 faiz artıb.

Belə tədbirlərin bundan sonra da davam etdirilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 350 milyon manat vəsait nəzərdə tutulub.

Burada onu da bildirmək istərdim ki, cənab İlham Əliyev son illərdə ölkəmizdə səhiyyə xidmətləri çərçivəsində müalicənin hər kəs üçün əlçatan olmasını qarşıya mühüm vəzifə kimi qoyub. Bunun üçün respublikada səhiyyəyə qoyulan investisiyaların həcminin yüksəldilməsini daim diqqətdə saxlayıb.

Azərbaycanda səhiyyə sisteminin inkişafına, maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsinə, bu sahədə infrastrukturun yenilənməsinə xüsusi önəm verilib. Ölkə rəhbərinin həyata keçirdiyi sosial siyasət sayəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ilbəil artırılıb, bu isə tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasını və ümumilikdə xidmət səviyyəsinin yüksəldilməsini şərtləndirib.

Bütün bunlarla bərabər, son 18 ildə ölkəmizdə 700-dən çox xəstəxana əsaslı təmir olunub. Tibb müəssisələrimiz ən yüksək standartlara uyğun qurulub. Ardıcıl olaraq səhiyyə sisteminin və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılıb. Azərbaycanda hər il 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçib. Respublikamızın son illərdə tibb elminin ayrı-ayrı sahələri ilə bağlı beynəlxalq tədbirlərə evsahibliyi etməsi də səhiyyə sisteminin inkişafına müsbət təsir göstərib.

Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu məqsədlə 2016-cı ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.

Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da müstəsna xidmətlər göstərib. Fond şəkərli diabet və talassemiya xəstələrinə qulluq və müalicə edilməsi, qanvermə aksiyaları, ana və uşaq sağlamlığının qorunması sahələrində bir çox böyük layihələri gerçəkləşdirib.

Rəşad MAHMUDOV,

Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR