Bank Of Baku

Azərbaycanın “orta güc” statusu və Mərkəzi Asiyada yeni geosiyasi imkanlar müzakirə edilib - FOTO

Azərbaycanın “orta güc” statusu və Mərkəzi Asiyada yeni geosiyasi imkanlar müzakirə edilib - FOTO
# 03 sentyabr 2026 11:56 (UTC +04:00)

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “Azərbaycanın orta güc statusu: Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanlar” mövzusunda ekspert müzakirəsi keçirilib.

APA xəbər verir ki, millət vəkillərinin, politoloqların, beyin mərkəzlərinin nümayəndələrinin və elm adamlarının iştirak etdiyi tədbirdə son dövrdə Azərbaycanın xarici siyasətində baş verən mühüm proseslər, ölkənin beynəlxalq münasibətlər sistemində artan rolu, Mərkəzi Asiya istiqamətində formalaşan yeni əməkdaşlıq modeli və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində yaranan geosiyasi imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı qeyd olunub ki, son bir ay Prezident İlham Əliyevin xarici siyasət gündəliyinin intensivliyi baxımından xüsusi əhəmiyyət daşıyıb. Azərbaycan liderinin Mərkəzi Asiya dövlətlərinin rəhbərləri ilə ardıcıl təmasları, dövlət və işgüzar səfərləri, çoxtərəfli formatlarda iştirakı Azərbaycanın Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin mühüm iştirakçılarından birinə çevrildiyini göstərir.

Tədbirdə xüsusi diqqət Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstana dövlət səfərinin nəticələrinə yönəldilib. Çolpon-Atada Prezident İlham Əliyev və Prezident Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib və iki ölkə arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Prezident İlham Əliyev həmin sənədi iki qardaş ölkə arasında münasibətləri ən yüksək dövlətlərarası əməkdaşlıq səviyyəsinə qaldıran tarixi sənəd kimi qiymətləndirib. Eyni gün Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi görüşünün keçirilməsi də Bakının regionla siyasi inteqrasiyasının yeni mərhələyə daxil olmasının göstəricisi kimi dəyərləndirilib.

Çıxışlarda Prezident İlham Əliyevin 23–24 avqust tarixlərində Özbəkistana dövlət səfərinin nəticələri də geniş təhlil olunub. Daşkənddə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin təkbətək görüşü, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib, iqtisadi və investisiya layihələri üzrə yeni addımlar atılıb. İki dövlət başçısının “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni imzalaması Bakı-Daşkənd münasibətlərinin strateji məzmununun daha da gücləndirilməsi kimi qiymətləndirilib.

Ekspertlər Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq ayrı-ayrı ikitərəfli əlaqələrin məcmusu olmaqdan çıxaraq daha sistemli regional siyasət xarakteri aldığını vurğulayıblar. Qırğızıstanla müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, Özbəkistanla siyasi və iqtisadi tərəfdaşlığın dərinləşməsi, Azərbaycan və Mərkəzi Asiya liderlərinin ortaq formatlarda bir araya gəlməsi bu prosesin mühüm elementləri kimi göstərilib.

Müzakirələrin digər istiqaməti Prezident İlham Əliyevin 31 avqust–1 sentyabr tarixlərində Bişkekə işgüzar səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirakı olub. Ekspertlər bildiriblər ki, Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün yalnız təşkilatın öz məqsəd və fəaliyyət istiqamətləri baxımından deyil, milli maraqların geniş coğrafiyada təmsil və ifadə olunması üçün siyasi platforma kimi əhəmiyyət daşıyır. Bu baxımdan ŞƏT çərçivəsində keçirilən ikitərəfli görüşlər, müxtəlif dövlətlərin liderləri ilə birbaşa təmaslar və Azərbaycanın mövqeyinin çatdırılması xüsusi önəm kəsb edir. Qeyd olunub ki, rəsmi Bakının xarici siyasətində nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın genişləndirilməsi mühüm istiqamətlərdən biridir. Azərbaycanın ŞƏT müstəvisində də öz milli maraqlarından irəli gələn konkret məqsədləri var və Bakı bu platformadan siyasi dialoqu genişləndirmək, tərəfdaşlarla münasibətləri inkişaf etdirmək və ölkənin beynəlxalq mövqelərini gücləndirmək üçün istifadə edir.

Tədbirdə səsləndirilən fikirlərin ümumiləşdirilməsi zamanı qeyd olunub ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya istiqaməti artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycan siyasi, iqtisadi, nəqliyyat-logistika və mədəni baxımdan Mərkəzi Asiya ilə getdikcə daha sıx vahid geosiyasi məkan formalaşdırır. Prezident İlham Əliyevin də bildirdiyi kimi “Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və iqtisadi regionu təmsil edir”.

Ekspertlərin qənaətinə görə, bu proses Azərbaycanın “orta güc” statusunun əsas göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Azərbaycanın regional proseslərə təsir imkanlarının genişlənməsi, müxtəlif güc mərkəzləri ilə paralel və praqmatik münasibətlər qurması, Mərkəzi Asiya ölkələri ilə strateji və müttəfiqlik əlaqələrini dərinləşdirməsi, Türk dünyasında artan rolu və ŞƏT kimi daha geniş Avrasiya platformalarında fəallaşması Bakının diplomatik manevr imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Müzakirələrin yekununda bildirilib ki, formalaşan yeni geosiyasi reallıq Azərbaycan üçün üç mühüm istiqamətdə əlavə imkanlar yaradır: Mərkəzi Asiya ilə siyasi-strateji inteqrasiyanın dərinləşdirilməsi, Şərq-Qərb və Orta Dəhliz boyunca nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi və Azərbaycanın Avrasiyanın müxtəlif siyasi-iqtisadi platformaları arasında əlaqələndirici aktor kimi rolunun gücləndirilməsi.

Ümumi qənaət bundan ibarət olub ki, Azərbaycan artıq yalnız Cənubi Qafqaz çərçivəsində qiymətləndirilən regional aktor deyil. Bakı Mərkəzi Asiya, Türk dünyası və daha geniş Avrasiya məkanında proseslərə təsir imkanlarını genişləndirən, müxtəlif güc mərkəzləri ilə dialoq qura bilən və öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdən orta güc kimi mövqeyini möhkəmləndirir. Perspektivdə məqsədlərdən biri qlobal səviyyədə gündəliyin formalaşdırılmasına töhfə vermək imkanlarının artırılmasıdır.

Müzakirələrdə ümumilikdə 33 nəfər iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR