“Bu gün Azərbaycanda 2018-ci ildə prezident seçkilərinin keçirilməsinin dörd ili tamam olur. 2018-ci il aprelin 11-də keçirilmiş seçkilərdə İlham Əliyev növbəti dəfə xalqın böyük dəstəyi ilə parlaq qələbə qazandı. Seçicilərin 86.02 faizi cənab İlham Əliyevə səs verib”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir: “Bununla da, dörd il əvvəl Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə səs verib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilib rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdü. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini tamamilə əks etdirir. Yəni seçkilərdə İlham Əliyevin ölkə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun uğurla davam etdirilməsinə şərait yaradıb. Əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Şəhid ailələri və müharibə əlilləri Prezidentin diqqət mərkəzindədir. 2018-ci il aprelində ölkə Prezidenti seçildikdən sonra onun imzaladığı ilk - 19 aprel 2018-ci il tarixli Fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübut edir. Fərmanla, həmçinin 2019-cu ilin yanvar ayında imzalanan Fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edilib, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının -12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olunub. Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) ilə təminatını nəzərdə tutur və bu prosesə də yaxın vaxtlarda başlanacaq”.
F. Yıldırım diqqətə çatdırıb ki, 2020-ci ildə 44 gün günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz möhtəşəm Zəfər qazanıb, torpaqlarımız işğaldan azad edilib: “Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Azərbaycan xalqı artıq 18 ildir ki, cənab İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir. Bu bir daha sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın güclü dövlət liderlərindən biridir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zirvələr fəth edəcək”.