“Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Zəfərimizi şərtləndirən amillər Prezident, Ali Baş Komanda İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik cəbhədə qazandığı uğurlar, ordu quruculuğu, gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində atdığı addımlar, böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz Ordumuzun şücaəti, xalqın Prezidentə və Ordumuza birmənalı dəstəyidir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Deputat deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Ermənistanın siyasi-hərbi rəhbərliyinin ayrı-ayrı ermənipərəst dövlətləri, siyasi dairələri, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etmək niyyəti fiaskoya uğradı: “Prezident İlham Əliyevin ötən dövrdə apardığı siyasət Azərbaycanın dostlarının sayını, dünyada nüfuzunu artırdı. Qardaş Türkiyə, Pakistan və digər dövlətlər ilk gündən Azərbaycana birmənalı siyasi, mənəvi dəstək verdi. Digər tərəfdən, Qoşulmama Hərəkatına üzv olan və BMT Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər 44 günlük savaş dönəmində Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamələrin qəbulunun qarşısını aldılar. Prezident İlham Əliyevin uğurla sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər də Azərbaycanın haqlı mövqeyinə dəstəklərini ifadə etdilər”.
E. Nəsirov qeyd edib ki, Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan rəhbərliyi artıq məğlubiyyətin qaçılmaq olduğunu dərk edib, kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalıb: “Beləliklə, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Biz Ali Baş Komandanın rəhbərliyi ilə bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq”.
Deputat Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını vurğulayıb: “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradılıb. Bu xüsusda Prezident İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırış edib. Bu, dünyaya birmənalı mesajdır”.
E. Nəsirov Vətən müharibəsindən sonrakı dönəmdə imzalanan Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini də qeyd edib: “Bu, həm də Azərbaycana qarşı məkrli niyyətləri olan dairələrə açıq mesajdır”.
Deputat bildirib ki möhtəşəm Zəfər qazanan və Türkiyə ilə strateji müttəfiqlik münasibətlərə malik Azərbaycanın hazırda əsas hədəfi işğaldan azad edilən ərazilərin bərpası, məcburi köçkünlərin bu torpaqlara qaytarılmasıdır: “Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu istiqamətdə görülən işlər də dünyada heyrətlə qarşılanır. Bu aspektdə 8 ay ərzində Qarabağın hava qapısının - Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, bu günlərdə Zəfər yolunun açılışı xüsusi qeyd olunmalıdır”.
Deputat üçtərəfli razılaşmaya uyğun olaraq Zəngəzur dəhlizinin açılmasının da qaçılmaz olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, atılan addımlar nəticəsində Qarabağ və Şərqi Zəngəzur “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq. Bu bölgələrin böyük turizm, logistika, kənd təsərrüfatı və sənaye potensialı var. Azərbaycan Zəfərini həm də bu bölgələri cənnətə çevirməklə taclandıracaq”.