Bank Of Baku

Deputat: “Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet olsa da, digər bölgələrdə də dinamik inkişaf davam edir”

Milli Məclisin deputatı Vüqar İskəndərov

© APA | Milli Məclisin deputatı Vüqar İskəndərov

# 02 noyabr 2021 17:12 (UTC +04:00)

"Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlaması, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsi, həmçinin qərarlar qəbul etməsi öz müsbət nəticələrini verib. Bu gün ölkəmizin regionlarında həyata keçirilən quruculuq-abadlıq işləri, yaradılan müasir infrastruktur məhz deyilənlərin nəticəsidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu uğurların kökündə həm də regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində görülən işlər dayanır: “Azərbaycanda vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları uğurla icra edilib, hazırda da edilir. Bunu biz şəhər, rayon, kənd və qəsəbələrimizin hərtərəfli inkişafının timsalında aydın şəkildə görürük. Bu proqram çərçivəsində, bütün ölkə üzrə, o cümlədən Şamaxı və İsmayıllı rayonlarında da mühüm işlər görülür. Elə cənab Prezidentin sözügedən rayonlara səfəri çərçivəsində istifadəyə verilən sosial obyektlər də deyilənləri təsdiqləyir”.

V. İskəndərov deyib ki, dövlət başçısının son səfərləri bir məqama da işıq salıb: “Bəlli olduğu kimi, hazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri gedir. Lakin bu, heç də o demək deyil ki, digər regionlar diqqətdən kənarda qalıb. Daha dəqiq desək, Azərbaycan Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilər deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davam etdirilməsinin prioritet olduğuna işarə edir. Yəni, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir. Yuxarıda qeyd etdiyim kimi, biz buna son nümunə kimi cənab Prezidentin İsmayıllı və Şamaxı rayonlarına səfərlərini göstərə bilərik”.

Deputat bildirib ki, bu səfərlər zamanı da sözügedən rayonlarda bir sıra sosial obyektlər, o cümlədən təhsil ocaqları istifadəyə verilib: “Həmçinin həmin rayonlarda enerji və yol infrastrukturunun yaxşılaşdırılması, quruculuq-abadlıq işlərinin görülməsi istiqamətində mühüm addımların atıldığı bəllidir. Hesab edirəm ki, bu rayonların timsalında əldə edilən nəticələr ümumilikdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə çatıldığını təsdiqləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR