“Dövlətimiz və xalqımız hər zaman Salatın Əsgərovanın xatirəsini uca tutub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, dekabrın 16-ı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq: “Salatın Əsgərovanın 60 illik yubileyində onun şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını dövlət qurumlarından xahiş edirik. Onu da qeyd edim ki, şəhid jurnalistin yeganə övladı 1 ildir işsizdir”.
Deputat Əməkdar artist Novruz Qartalın səhhətində yaranan problemə də münasibət bildirib: “Novruz Qartal bu günlərdə çox ağır şəraitdə kirayədə yaşayır. Onun son arzusu ömrünün son günlərini öz evində keçirməsi ilə bağlıdır. Əlaqədar qurumları bu məsələyə münasibət bildirməyə çağırıram”.