Bank Of Baku

Deputat: “Zəfər paradı yaddaşlarda daim qalacaq”

Bakıda Zəfər paradı

© APA | Bakıda Zəfər paradı

# 09 dekabr 2021 09:52 (UTC +04:00)

“Vətən müharibəsində düşmən üzərində qazanılmış böyük bir qələbə ilə əlaqədar keçən il dekabrın 10-da keçirilən Zəfər paradı xalqımızın tarixində, yaddaşlarda əbədi qalacaq”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan Hüquqları komitəsi sədrinin müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat bildirib ki, Zəfər Paradını Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan qəbul edib, Zəfər paradında Azərbaycan və Türkiyə hərbçiləri birgə addımlayıb: “Bununla Azərbaycan-Türkiyə qardaşlığı bir daha dünyaya nümayiş etdirildi. Digər tərəfdən, paradda Türkiyə Silahlı Qüvvələrinin iştirakını Türkiyənin Vətən müharibəsində Azərbaycana mənəvi və siyasi dəstəyinə bir minnətdarlıq kimi qiymətləndirmək olar”.

T. Kərimli qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib: “Prezident İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirib, ölkənin dayanıqlı iqtisadi inkişafın təmin olunması naminə düşünülmüş siyasət yürüdüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün də qeyd etdiyi kimi, ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əsas büdcə xərclərimiz hərbi xərclər olub. Ordunun döyüş qabiliyyəti davamlı olaraq möhkəmləndirilib, müasir silah-sursat və texnika ilə təchizatı həyata keçirilib. Bir ölkədən asılı olmamaq üçün silah-texnikanın bir çox mənbədən alınması təmin olunub. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb. Ümumiyyətlə, torpaqlarımızın işğaldan azad edilməsi, Vətən müharibəsi üçün Prezident İlham Əliyev tərəfindən böyük hazırlıq işləri görülüb. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilib, xalqın dəstəyi ilə çox böyük islahatlar aparılıb. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın maraqlarına cavab verən önəmli qərarlar və qətnamələrin qəbuluna nail olunub. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün isə siyasi və hüquqi baza yaradılıb”.

Deputat vurğulayıb ki, ölkənin iqtisadi qüdrəti qələbəmiz üçün zəmin yaradıb: “Əgər ölkədə iqtisadi inkişaf və iqtisadi müstəqillik olmasaydı, Azərbaycan lazım olan müasir silahları əldə edə bilməzdi. Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan özünün enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərlərinin inşa edilməsi ilə ölkəyə gələn vəsaitlərin həcmi artmağa başladı, nəticədə iqtisadi müstəqillik təmin edildi. Eyni zamanda ölkə başçısı bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini Ermənistandan yan keçirməklə bu ölkəni dalana çevirmək siyasətini həyata keçirdi. Azərbaycan inkişaf edərək işğal altında olan torpaqlarını azad etdi və tarixi qələbə qazandı”.

Partiya sədri qeyd edib ki, Zəfər paradı Azərbaycan xalqının milli birliyini ifadə edib, qəhrəman Azərbaycan əsgərinin qüdrətini nümayiş etdirib: “Vətən müharibəsində bizim hərbçilər arasında bir nəfər də olsun, fərari olmadığı halda, Ermənistan rəhbərliyi özü etiraf edir ki, ən azı on min nəfər fərarilik edib. Bu, bir daha Azərbaycan əsgərinin qəhrəmanlığını, düşmən əsgərlərinin isə qorxmaz Azərbaycan əsgəri qarşısında acizliyini göstərdi. Ötən müddətdə Vətən müharibəsində qələbəsi münasibətilə "Zəfər" və "Qarabağ" ordenləri, həmçinin 15 yeni medal da təsis olunub ki, qəhrəman hərbçilərimiz və hərbi əməliyyatlara yardım edən şəxslər təltif olunublar. Vətən müharibəsi ilə bağlı hazırda Memorial Kompleks və Zəfər Muzeyi də yaradılmaqdadır. Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsidir və Zəfər paradı yaddaşlarda daim qalacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR