“Vətən müharibəsində Azərbaycan öz tarixinin ən parlaq qələbəsi şərəfinə ötən il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış hadisədir”.
Bunu APA-ya açıqlamasında deputat, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.
Deputat deyib ki, Vətən müharibəsinin hər günü şanlı tarixdir: “Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Xalqımız məhz Müzəffər Ali Baş Komandanın qətiyyəti və ordumuzun rəşadəti nəticəsində möhtəşəm Zəfər qazandı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanı döyüş meydanında ağır məğlubiyyətə uğratdı. Ermənilər uzun illər ərzində ordularının yenilməzliyi haqqında mif yaratmışdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, eyni zamanda bu mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, onun hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari oldu. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında tab gətirə bilmədi’.
C. Osmanov qeyd edib ki, Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş Türkiyənin dəstəyini hiss edib: “Qardaş Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi və qələbəyə inamımızı daha da artırdı. Vətən müharibəsində qazandığımız zəfəri qardaşlığın Zəfəri də adlandırmaq mümkündür. Ötən il dekabrın 10-da Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etdi. Yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələrinin də qatıldığı paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdı. Zəfər paradında Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanında addımlaması xalqların tarixində əbədi qalacaq qürurverici hadisə idi. Həmin gün ölkəmizin hər bir bölgəsinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığını göstərir”.
Deputat xatırladıb ki, Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının ilk olaraq gətirildiyi Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər, həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qismi nümayiş olunub: “Qənimət kimi ələ keçirilmiş düşmən texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir. Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da paradda nümayiş etdirildi”.
C. Osmanov qeyd edib ki, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılacaq: “Bundan əlavə, Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır. Məhz bu münasibətlə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Prezident İlham Əliyev tərəfindən qələbənin əbədiləşdirilməsinə xidmət edən tədbirlər ölkəmizdə uğurla həyata keçirilir”.