Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Lotereyalar haqqında” qanuna dəyişiklik edilməsinin zəruri olduğunu qeyd edib.
Onun sözlərinə görə, xaricdə təşkil olunan lotereya oyunlarına Azərbaycandan kifayət qədər vəsait yönəlir və qanuna dəyişiklikdə məqsəd həm də bu sahədə kölgə iqtisadiyyatının qarşısını almaqdır.
İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf qanun layihəsinin hazırlanmasında əsas məqsədlərdən birinin bu sahədə şəffaflığa nail olunması və “qara bazar”ın aradan qaldırılması olduğunu vurğulayıb.
Deputat Vüqar Bayramov layihədə lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manata qədər uduşların gəlir vergisindən azad edilməsinin nəzərdə tutulduğunu bildirib: “Bu, orta aylıq maaşdan da aşağı məbləğdir. Daha böyük məbləğdə uduşun gəlir vergisindən azad edilməsi yaxşı olardı”.
Müzakirələrdən sonra “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, “Bədən tərbiyəsi və idman haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Atçılıq haqqında”, “Reklam haqqında”, “Dövlət satınalmaları haqqında”, “Telekommunikasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi də birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub. Bu qanun layihələri də “Lotereyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb.
Qeyd edək ki, qanunvericiliyə təklif edilən dəyişikliklər aşağıdakıları nəzərdə tutur:
- lotereyaların təşkili və keçirilməsi sahəsində tənzimləyici orqanın müəyyən olunması və onun fəaliyyət dairəsinin təkmilləşdirilməsi, o cümlədən tiraj komissiyasının üzv ola biləcək şəxslərin siyahısının və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədlərin səlahiyyətli orqanla razılaşdırılması prosedurunun müəyyən olunması;
- lotereyanın uduş fondunun yuxarı həddinin (80 faizdən çox ola bilməməsi tələbinin) aradan qaldırılması və bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsinin növbəti tirajda oynanılmasının nəzərdə tutulması;
- lotereya şərtlərinin təkmilləşdirilməsi, lotereyanın təşkili və keçirilməsi, habelə onun şərtlərində dəyişiklik edilməsi ilə bağlı müddətlərə yenidən baxılması (müddətlərin optimallaşdırılması);
- lotereya biletində nəzərdə tutulmalı bir sıra məlumatların lotereya təşkilatçısının internet səhifəsində əks olunması;
- virtual lotereyanın təşkili və keçirilməsinin hüquqi əsaslarının yaradılması;
- lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi əsasları və qaydasının təkmilləşdirilməsi.