Bank Of Baku

Millət vəkili: “Ağdamda görülən işlər Böyük Qayıdışın əyani göstəricisidir”

Milli Məclisin deputatı Fatma Yıldırım

© APA | Milli Məclisin deputatı Fatma Yıldırım

# 14 fevral 2022 18:11 (UTC +04:00)

“Azərbaycanın regionlarının inkişafı, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına səfəri bu reallığı bir daha təsdiqləyir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, bu səfər zamanı dövlətimizin başçısı bir sıra obyektlərin açılışını etdi, görülən işlərlə şəxsən tanış oldu, eləcə də yeni təməllər atdı:

“Ağdam rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağcabədi rayonunda “Ağcabədi” yarımstansiyasının açılışları işğaldan azad olunmuş ərazilərdə enerji kompleksinin bərpası baxımından önəmlidir. Məlumdur ki, son illər ölkəmizdə enerji gücləri yaradılıb, enerji infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində önəmli işlər görülüb. İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” siyasətinin elan edilməsi dövlətimizin bu sahəyə xüsusi diqqətinin nümunəsidir”.

Millət vəkili qeyd edib ki, Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması, görülən işlər da böyük qayıdışın əyani göstəricisidir: “Bu o deməkdir ki, otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmağı gözləyən keçmiş məcburi köçkünlərin torpaq həsrətinə son qoyulur. Bundan əlavə, Ağdam rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması da işğaldan azad olunmuş ərazilərdə müasir səhiyyə infrastrukturunun yaradılmasının göstəricisidir. Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının tikintisi də xüsusi vurğulanmalıdır. Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən belə bir mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına böyük töhfə verəcək.

“Çox təqdirəlayiq haldır ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu azad olunmuş ərazilərimizdə tarixi-mədəni və dini abidələrin bərpasında xüsusi rol oynayır. Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərini də Heydər Əliyev Fondu öz üzərinə götürüb. Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi olan İmarət kompleksi də tarixi-memarlıq abidəsidir. İnanırıq ki, bu abidələrin hamısı çox yüksək səviyyədə bərpa olunacaq. Bütövlükdə, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə növbəti səfəri də bir sıra vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qaldı. Xalqımız bu istiqamətdə görülən işləri böyük ruh yüksəkliyi ilə qarşılayır”,- deyə, Fatma Yıldırım vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR