"Dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri bu gün müttəfiqlik səviyyəsinə yüksələrək uğurla inkişaf edir. İki dost, qardaş ölkə hər zaman bir-birinə dəstək olub, beynəlxalq təşkilatlarda bu və ya digər məsələlərlə bağlı vahid mövqedən çıxış edərək ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu dünyaya çatdırıb, ikili standartlara əsaslanan siyasətin hər zaman problemlərə yol açdığını faktlar əsasında bəyan edib”.
APA xəbər verir ki, Bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin ədalətin, beynəlxalq hüququn yanında olduğunu, Azərbaycanı dəstəklədiyini qeyd edən V.Rəhimzadə bildirib ki, Vətən müharibəsinin başlandığı ilk andan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istər müharibənin gedişi, istərsə də postmünaqişə dövründə qardaş ölkə Azərbaycanın yanında olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirib.
O qeyd edib ki, tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradında Ərdoğanın iştirakından sonra dünyanın növbəti dəfə diqqəti Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşaya yönəlib: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşaya ilk səfəri Azərbaycanda səbirsizliklə gözlənilirdi. Şuşa Bəyannaməsinin imzalanması, qədim şəhərimiz Şuşadan verilən açıqlamalar bütün dünyaya səs saldı, böyük əks-səda yaratdı”.
V. Rəhimzadə bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından ötən 9 aya yaxın müddətdə iki qardaş ölkənin əlaqələrinin daha da güclənməsini, dostluğumuzun sarsılmazlığını təsdiqləyən xeyli fakt sadalamaq olar.
O, təkcə bir faktı vurğulayıb ki, Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində həyata keçirilən enerji layihələri regiona sabitlik, iqtisadi tərəqqi gətirir: "Bu layihələrdən yalnız iştirakçı deyil, digər dövlətlər də bəhrələnir. Azərbaycan-Türkiyə birliyi daim bölgədə sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilib".
V. Rəhimzadə bildirib ki, martın 10-da Türkiyə Prezidenti Ərdoğanın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin həmkarı ilə 4 saatdan artıq davam edən görüşündə də iki ölkə arasında bütün sahələrdə əlaqələrin hazırkı səviyyəsi geniş müzakirə olunaraq, Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunub: “Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etməsi prezidentlərin şəxsi münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli roluna bir daha işıq saldı”.
O, İlham Əliyevin Türkiyəyə işgüzar səfərini Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib: "Görüşdə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı. Postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olundu. Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsində də Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alıb”.
Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər və müzakirə olunan məsələlərin əlaqələrin inkişafında stimulverici amil rolunu oynadığını söyləyən V. Rəhimzadə bir daha Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında ölkəmizə səfəri zamanı mətbuata bəyanatında imzalanan sənədlərə söykənərək "Atılacaq daha çox imzalar var" çağırışına istinad edərək bu fikri vurğulayıb ki, iki müttəfiq ölkənin - Azərbaycan və Türkiyənin əlaqələrinin gələcək inkişafı üçün bütün imkanlar mövcuddur: “Tarixi köklərə malik olan bu birlik, həmrəylik əbədidir, sarsılmazdır”.