Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının baş müəllimi Azər Səlimov bildirib ki, müstəqilliyimizin bərpasının ilk illərində ermənilər tərəfindən bir sıra terror hadisələri, Xocalı soyqırımı kimi faciələr törədilib ki, bunun nəticəsində yüzlərlə azərbaycanlı öldürülüb: “Erməni təşkilatları öz məqsədlərinə çatmaq üçün terrordan istifadə ediblər. Hələ 1905-ci ildən başlayaraq azərbaycanlılara qarşı aksiyalar keçirməyə başlayıblar. Onlar böyük Ermənistan yaratmaq niyyəti ilə Bakıda, Şamaxıda və digər şəhərlərdə kütləvi qətllər törədiblər. Eyni zamanda Qubaya basqın edərək kütləvi qırğın həyata keçiriblər”.
MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, professor Cəlal Qasımov bildirib ki, erməni və rus birləşmələri Azərbaycan ziyalılarına qarşı sürgünlər, repressiyalar təşkil ediblər: “Bunun nəticəsində həmin insanlar dinini, dilini, genini, milli kimliyini, vətənini itirirdi. Repressiyalar nəticəsində bütün ziyalılarımızın əl yazmalarını yandırıb məhv etdilər”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupun rəhbəri Firudin Sadıqov və digər çıxış edən şəxslər ermənilərin törətdikləri terror hadisələrdən danışıblar.
Tədbirin sonunda MTN-in İctimaiyyətlə əlaqələr mərkəzinin İctimai Televiziya ilə birgə hazırladığı “Dünya həqiqəti bilməlidir” adlı sənədli film nümayiş etdirilib.