Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqə qatılmayacaq.
Bunu APA-ya açıqlamasında AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.
Onun sözlərinə görə, bəzi QHT təmsilçilərinin həbsi ilə bağlı mitinq keçirmək doğru deyil: “Çünki siyasi motivlə məhbus hesab edilənlərin bir qisminin istintaq prosesi hələ yekunlaşmayıb. Ona görə də bu hal istintaqa və məhkəməyə təzyiq də sayıla bilər. Eyni zamanda hesab edirəm ki, siyasi məhbus anlayışı hüquqi termin kimi nə beynəlxalq hüquq normalarında, nə də ölkə qanunvericiliyində öz əksini tapmayıb. Problemin həlli küçələrdə və kütləvi aksiyalarda deyil, qanunların işləməsinə nail olmaqda, düşmənçilikdən əl çəkib, iqtidar-müxalifət münasibətlərinin normal məcraya yönəldilməsində və sivil qaydalara əməl etməkdədir. Belə olan halda kütləvi aksiyalara da ehtiyac qalmayacaq”.