Bank Of Baku

Arif Hacılı: “Heç vaxt “mənim tərəfdarlarım”, “mənim komandam” ifadələrini işlətməmişəm”

Arif Hacılı: “Heç vaxt “mənim tərəfdarlarım”, “mənim komandam” ifadələrini işlətməmişəm”
# 15 oktyabr 2014 13:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Əgər hər hansı bir qrupda və ya profildə kimsə Müsavatın Nizamnaməsinə uyğun olmayan, üzvlərin və ya hər hansı bir vətəndaşın şərəf və ya ləyaqətini alçaldan fikirlər işlədibsə, bu məsələlər barədə də partiyanın müvafiq strukturlarına şikayət vermək lazımdır”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı qurultaydan sonra partiyadakı istefalara münasibət bildirərkən deyib. O, bir qrup gəncin istefasına təəssüfləndiyini və bunun yanlış addım olduğunu söyləyib: “Müsavat Partiyasının bəzi üzvləri qurultayın nəticəsindən narazı qalaraq partiyanı tərk etdikləri barədə açıqlamalar veriblər. Mən onların bu mövqelərinə görə təəssüf edirəm. Çünki xüsusilə gənclərin belə bir qərar qəbul etməsi əslində həm siyasi, həm də praqmatik baxımdan yanlışdır. Onların həyatında hələ çoxsaylı seçkilər olacaq və yəqin ki, bu seçkilərin bir çoxunda da qələbə çalmaq imkanları yaranacaq. Əgər demokratik prosesdə iştirak edirsənsə, bilməlisən ki, sənin qalib gəldiyin də, məğlub olduğun da seçkilər olacaq. Xüsusilə gənclərin bir seçkidə istəklərinin həyata keçməməsi ilə bağlı istefa vermələri təəccüblüdür”.

 

A. Hacılı “gənclərin istefasında başqanlığa sabiq namizəd Qubad İbadoğlunun təsiri ola bilərmi?” - sualına belə cavab verib: “Mənə elə gəlir ki, bu adamlar siyasi cəhətdən kifayət qədər yetkin insanlardır və öz qərarlarını müstəqil olaraq qəbul ediblər”.

 

A. Hacılı Q. İbadoğlunun qurultaydakı seçki pozuntuları ilə bağlı şikayətinin araşdırıldığını qeyd edib: “Müsavat Partiyasının müəyyən strukturlarına arayış təqdim olunub. Bu arayış araşdırılacaq, bütün suallara cavab veriləcək. Partiya strukturlarında məsələlər Nizamnaməyə uyğun həll olunur. Əgər kimlərinsə hansısa nöqsanlara yol verdiyi barədə faktlar aşkarlanacaqsa, Nizamnamə çərçivəsində müvafiq qərar veriləcək”.


Müsavatın yeni başqanı partiya üzvlərini qarşılıqlı ittihamlara son qoymağa çağırıb: “Mən dəfələrlə bu cür ittihamların dayandırılmasını xahiş etmişəm. Sevinirəm ki, partiya üzvlərinin mütləq əksəriyyəti mənim çağırışıma qoşularaq, birtərəfli qaydada bu cür çıxışlara moratorium qoydular. Ancaq bu məsələlərin özünə də bir faciə kimi yanaşmaq düzgün deyil. Əgər biz demokratik cəmiyyət qurmaq istəyiriksə, Müsavat Partiyasını demokratik üsullarla idarə etmək istəyiriksə, partiya içində olan fikir ayrılıqlarına da plüralizmin təzahürü kimi yanaşmalıyıq. Ancaq kiminsə addımlarında Müsavat Partiyasının Nizamnaməsini pozan məqamlar varsa, bu hərəkətlər barədə müvafiq strukturlara şikayət edilməli və şikayətə obyektiv baxılaraq, müvafiq qərarlar verilməlidir”.

 

A. Hacılı “Facebook”da Q. İbadoğlunu dəstəkləyən partiya üzvlərinin təhqirə məruz qaldığı hər hansı qrupdan xəbərsiz olduğunu, bu qrupların onun adı ilə bağlanmasının həqiqətə uyğun olmadığını vurğulayıb: “”Facebook”da yüz minlərlə qrup var. Bu qruplar ilk növbədə onları yaradanlara məxsusdur. Mən bu yaxınlarda hansı qrupların üzvü olmağımla maraqlandım. Məlum oldu ki, 352 qrupun üzvüyəm və bu qruplar ayrı-ayrı mövzularda tanımadığım adamların adına açılan, bir çoxu mənim maraq dairəmə ümumiyyətlə, uyğun olmayan qruplardır. Təxminən 10 qrupdan çıxdım”.

 

A. Hacılı Müsavat Partiyasının ayrı-ayrı adamların tərəfdarlarına və qruplara bölündüyü barədə fikirlərlə razılaşmayıb: “Müsavat Partiyasında heç bir namizədin tərəfdarı yoxdur. Mən bu bəyanatı qurultaydan dərhal sonra vermişəm. İndi partiyanın bütün üzvləri vahid komanda şəklində fəaliyyət göstərməlidir və mən düşünürəm ki, yaxın zamanlarda seçki kampaniyası dövründə yaranmış rəqabət əhval-ruhiyyəsi aradan qalxacaq. Mən Müsavat Partiyasını heç vaxt kimlərinsə tərəfdarlarına bölməmişəm. 25 ildir siyasətlə məşğulam, heç vaxt “mənim tərəfdarlarım”, “mənim komandam” ifadələrini işlətməmişəm. İstər Xalq Cəbhəsində, istərsə Azərbaycan hakimiyyətində, istərsə də Müsavat Partiyasında fəaliyyət göstərdiyim zaman həmişə çalışmışam ki, üzvü olduğum siyasi təşkilatın, siyasi hökumətin vahid komandası olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR