Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” fərmanının ləğvi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, fərmana əsasən Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında qəbul olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilib.
Nazirlər Kabinetinə 3 ay müddətində prezidentin aktlarının fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını təmin etmək, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturunu və işçilərinin say həddini təsdiq etmək və bu barədə prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin etməli və Nazirlər Kabinetinə məlumat verməlidir.