Bakı - APA. “Son 11 ildə Azərbaycanda 1 milyon 360 min yeni iş yeri açılıb. Bu iş yerlərindən 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər sayəsində indi yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir".
APA-nın məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib. O bildirib ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın reytinq göstəricilərini artırıb: “Davos İqtisadi Forumu ölkəmizi iqtisadi göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Hazırda dünyanın inkişaf etmiş ölkələrinin xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan uğurlara öz imkanları hesabına, təkbaşına nail olub. İqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq.
Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq.
Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik".
”.