Bakı. Etibar Məmmədov – APA. Azərbaycan dilindən düzgün istifadə, dilin təbliği və qorunması məqsədilə “Dil polisi”nin yaradılması təklif olunub.
APA-nın məlumatına görə, bunu Dil Qurumunun sədri, millət vəkili Sabir Rüstəmxanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dünyanın bir sıra inkişaf etmiş ölkələrində artıq dil polisi fəaliyyət göstərir: “Bu baxımdan hesab edirəm ki, hər bir sahənin polisi olduğu kimi, Azərbaycan dilinin də ciddi nəzarətçisi olmalıdır. Nümunə olaraq deyə bilərəm ki, Kanada vilayətlərin birində dil polisi fəaliyyət göstərir və bu bölgədə əksəriyyəti fransızlar təşkil edir. Kanadanın rəsmi dili ingilis dili olmasına baxmayaraq, dil polisi tərəfindən vilayətdə fransızcanın yerini sıxışdıran və bu dilin işlənməsinə manə ola bilən heç bir şeyə yol verilmir”.
S.Rüstəmxanlı əlavə edib ki, Azərbaycanda bəzi reklam lövhələrinin xarici dildə olması yolverilməzdir. Reklam lövhələrində Azərbaycanın dil qanununun pozulduğunu vurğulayan millət vəkili bununla bağlı aidiyyatı orqanlara müraciət edildiyini və bir neçə xarici şirkətə qarşı məhkəmə iddiası qaldırıldığını qeyd edib.