Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, MSK dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağı seçki komissiyalarının üzvləri üçün treninqin təşkili məsələsini müzakirəyə çıxarıb.
Məsələ barədə MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib. O bildirib ki, 17 noyabr - 20 noyabr tarixlərində 4 gün ərzində Bakıda mərhələlərlə məntəqə seçki komissiyalarının 30 min üzvünə treninq keçiriləcək. Daha sonra isə noyabrın 25-dən başlayaraq ölkə üzrə regionlarda məntəqə seçki komissiyalarının üzvlərinə treninqlər keçirilməyə başlanacaq.
İclasda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydaları ilə bağlı qərar qəbul edilib. Seçki Məcəlləsinin tələbləri əsasında (bülletenlərin sayının seçicilərin sayından 3 faiz artıq olmamaqla hazırlanması, bələdiyyə üzvlüyünə namizədlərin adları, soyadları, partiya mənsubiyyətləri və s.) 4 milyon 976 min 302 ədəd seçki bülleteni Milli Məclis aparatının mətbəəsində çap olunaq. Qərar dərc edildiyi gün – noyabrın 15-də qüvvəyə minir.
MSK Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb. Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.