Bank Of Baku

Əli Həsənov Norveçin Azərbaycandakı yeni səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib

Əli Həsənov Norveçin Azərbaycandakı yeni səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib
# 15 dekabr 2014 13:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Bord İvar Svendseni qəbul edib.

 

Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədilə keçirilən görüşdə səfiri yeni təyinatı münasibətilə təbrik edən Ə.Həsənov bu təyinatın Azərbaycanla Norveç arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib.

 

Ə.Həsənov B.İ.Svendsenin ölkəmizə yeni səfir təyin olunmasını nəzərə alaraq, ona Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox vətəndaşımızın 22 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşaması, Azərbaycan dövlətinin istər münaqişənin, istərsə də ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib. Dövlət Komitəsinin sədri işğalçı ölkənin artıq neçə illərdir ki, münaqişənin həllində göstərdiyi qeyri-konstruktiv mövqeyə beynəlxalq qurumların, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin laqeyd münasibətindən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalmasından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, vəziyyətin bu cür davam etməsi uzun sürə bilməz və Azərbaycanın da səbri tükənməz deyil. Norveçli diplomatın ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə yerində tanış olmaq istəyini nəzərə alan baş nazirin müavini Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib, bu istiqamətdə Norveçin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarının reallaşdırdıqları layihələri də müsbət dəyərləndirib.

 

Norveçli diplomat ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə daha yaxından tanış olmaq üçün onların məskunlaşdıqları ərazilərə baş çəkəcəyini nəzərə çatdırıb. O, fəaliyyəti dövründə ümumi mənafelər naminə əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə, münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR