İtaliyalı müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə dair bəyanat yayıblar.
APA-nın xəbərinə görə, müşahidə missiyanın üzvü Franko Orsi bildirib ki, seçki günü ölkədə vəziyyət sakit olub.
"Yerli hakimiyyət və polis tərəfindən seçkinin gedişinə müdaxilə müşahidə olunmayıb. Səsvermə kabinələri səsvermənin gizliliyini təmin etmək məqsədilə düzgün yerləşdirilmişdi və seçki qutuları möhürlənmişdi. Səsvermə zamanı veb-kameraların istifadəsini təqdir edirik”, - deyə o vurğulayıb.
F. Orsi əlavə edib ki, seçki zamanı beynəlxalq müşahidəçilərə heç bir məhdudiyyət olmayıb: "Seçici fəallığı yüksək idi və müşahidəçilər ictimaiyyətin seçkilərə yüksək marağını qeydə alıblar. Seçki günü səsverməyə gəlmək imkanı olmayanlara - xəstələrə, qocalara evdə səs vermək imkanı yaradılıb və seçki məntəqələrində əlillər üçün panduslar quraşdırılıb”.
İtaliyalı müşahidəçilər bildiriblər ki, seçkilər dinc, azad və şəffaf keçib, heç bir kənar müdaxilə olmayıb.