Bakı. Etibar Məmmədov – APA. “Mən şəxsən Arif Hacılının sifarişi ilə partiyadan çıxarıldım”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarı ilə noyabrın 12-də partiya sıralarından çıxarılan Kamil Xəlilbəyli deyib.
K. Xəlilbəyli bildirib ki, MNTK-nın qərarı ədalətsizdir. O, partiyanın siyasi-ideoloji xəttinə zidd hərəkət etmədiyini açıqlayıb: “Partiya üzvü Könül Turan Türk məni “Facebook” sosial şəbəkəsində təhqir edib. Mən də ona cavab vermişəm və o da bu cavaba görə məndən partiyaya şikayət verib. Partiya Nizamnaməsində belə bir bənd yoxdur ki, hansısa diskussiyaya görə kimisə partiyadan xaric etsinlər. Bu, absurddur. Mən partiyadan xaric edildiyimi eşidəndə Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova ilə danışdım. O da bildirdi ki, guya mən partiyanın siyasi xəttinə zidd hərəkət etdiyimə görə partiyadan çıxarılmışam. Əgər söyüş söymək və buna cavab vermək siyasi xətt sayılırsa, buna nə demək olar?..”
K. Xəlilbəyli hesab edir ki, onu Qubad İbadoğlunu dəstəklədiyi üçün partiyadan çıxarıblar: “Mən Qubad İbadoğlunun qatı tərəfdarıyam. Bu da görünür, bəzi şəxsləri narahat edirdi. Mən konkret olaraq, Arif Hacılının sifarişi və diktəsi ilə partiyadan xaric olundum”.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında K. Xəlilbəylinin dedikləri ilə razılaşmayıb: “O, dəfələrlə komissiyanın iclasına dəvət edilsə də, gəlməyib. Özünün qiymətini qaldırmaq üçün guya Arif Hacılının sifarişi ilə çıxarıldığını deməsi həqiqətə uyğun deyil. Komissiya qərarlarını sərbəst şəkildə qəbul edir”.