Bakı. Zümrüd Paşayeva – APA. Koreya Səfirliyi Mingəçevirdə "Uşaqlar sülh istəyir" mövzusunda inşa-yazı və rəsm müsabiqəsi keçirib. Koreya səfirliyindən APA-ya verilən məlumata görə, Koreya Səfirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin və Ağdam rayonu İcra Nümayəndəliyinin dəstəyi ilə keçirilən inşa müsabiqəsində 120 şagird iştirak edib. Şagirdlər sülh və gələcək, Azərbaycan və Koreya arasındakı əməkdaşlıq əlaqələri mövzusunda inşa-yazı və rəsm sahəsində öz istedadlarını göstəriblər.
Daha sonra qaliblər tutduqları yerlərə müvafiq olaraq elektronik tablet, məktəb çantaları və dəftərxana dəsti ilə mükafatlandırılıblar.
Qeyd edək ki, bu tədbir səfirliyin bu il ərzində təşkil etdiyi 3-cü eyni xarakterli tədbirdir. Bundan əvvəl səfirlik Gəncə və Yevlax şəhərlərində bu kimi tədbirlər təşkil edib. Azərbaycanda fəaliyyət göstərən Koreya şirkəti olan “Halla” Korporasiyası öz korporativ sosial öhdəliyinin tərkib hissəsi olaraq hədiyyələr təqdim etməklə tədbirə öz töhfəsini verib.
Əlavə edək ki, səfir Çoi Suk-in tədbirdən bir gün öncə noyabrın 14-də Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində olub, qəsəbədə məskunlaşmış bir ailəyə baş çəkərək onlarla söhbət edib. Daha sonra yaşayış kompleksində yerləşən orta məktəblə tanış olub. Bu gün isə o, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.