APA-nın məlumatına görə, layihəni Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev təqdim edib.
Qeyd olunub ki, qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır. 4 fəsil, 20 maddədən ibarət qanun layihəsində ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər.
Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildir. İctimai Şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır.
Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev deyib ki, qanun layihəsinin məqsədinin dövlətin idarə olunmasında ictimai iştirakçılıq üçün əsaslar yaratmaq olduğu yazılıb: “Bu, ictimaidirsə, burada dövlətin idarə olunmasından söhbət gedə bilməz. Qeyd olunmalıdır ki, məqsəd qanunların icra olunmasına ictimai nəzarəti təmin etməkdir. Yazılır ki, məqsədlərdən biri dövlət siyasətini müəyyənləşdirməkdir. İctimai iştirakçılıq dövlət siyasətini müəyyənləşdirə bilməz”.
Deputat bələdiyyələr yanında ictimai şuraların yaradılmasının düzgün olmadığını bildirib. Onun sözlərinə görə, bələdiyyələr özləri ictimai qurumlardır. Qüdrət Həsənquliyev ictimai şuraların nazirliklərdə, yerli icra orqanları yanında yaradılmalı olduğunu qanunda açıq əksini tapmalı olduğunu vurğulayıb: “Yoxsa, İctimai Şura ekspert qrupu yaradacaq? Sanki yeni bürokratik qurum yaradılır. Bütün bunlar sadəcə, nazirliklərin fəaliyyətinə mane olacaq. Nazirlər də məcbur olacaqlar ki, İctimai Şura üzvləri ilə dil tapsınlar. Məsələ ictimai nəzarət olmayacaq, iş fərqli məcraya yönələcək”.
Millət vəkili İlyas İsmayılov ötən çıxışından sonra “İctimai şuraların hüquqları” ifadəsinin “İctimai şuranın səlahiyyətləri” ilə əvəzləndiyini bildirib: “Ancaq da bu düzgün çıxış yolu deyil. Səlahiyyət hüquq sözünün sinonimidir”.
Deputat Fazil Mustafa isə deyib ki, qanun layihəsi müzakirəyə çıxarılmazdan əvvəl QHT-lərin, millət vəkillərinin iştirakı ilə müzakirə olunub və bu, çox yaxşı haldır: “İctimai dinləmələrdə və komitədə müzakirələr zamanı xeyli təkliflər vermişik. Ancaq bu işləyən qanunlar sırasına daxil olmayacaq. Məsələn, qanun layihəsində ictimai ekspertizadan söhbət gedir. Yəni mərkəzi və yerli icra orqanlarının qərarlarının ictimai ekspertlər tərəfindən ekspertizası. Bu, nə dərəcədə mümkün olacaq? İctimai Şuraya bu qədər səlahiyyət verərək, onu bu qədər aciz vəziyyətə salmaq olmaz. Heç biz millət vəkilləri qanunların qəbuluna təsir edə bilmirik, ictimai şuralar nə edəcək? İctimai Şuraya verilən vəzifələr bir az yüngülləşdirilməlidir. İctimai şuralar icra qurumlarının pulları hara xərcləməsinə nəzarət edə bilməyəcəklər, bu müddəa çıxarılmalıdır. Onlar küçələrin təmizlənməsi, yaşıllıqların salınması, yəni gücü çatan işlərlə, ictimai nəzarətlə məşğul olsunlar”.
Vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, qanun layihəsini küçələri süpürmək səviyyəsinə salmaq olmaz: “Biz ciddi adamlarıq, xahiş edirəm ki, ciddi məsələlər barədə danışaq”.
Deputat Rəfael Cəbrayılov qanun layihəsinin işləklik əmsalının yüksək olmayacağını söyləyib: “İctimai Şura hər 40 min nəfərin irəli sürəcəyi qanun layihəsinin müzakirəsində iştirak etmirsə, onun işləklik əmsalı da yüksək olmayacaq. Bu qanunu qəbul etmək qanunvericilik sistemimizdə demokratik baxımdan keyfiyyətcə yeni addım olacaq ”.
Millət vəkili Məlahət İbrahimqızı qanun layihəsinin yetərincə müzakirə olunduğunu qeyd edib: “İctimai Şuranın seçilməsi və səlahiyyəti ilə bağlı maddədə gender bərabərliyi əksini tapmalıdır”.
Təklif və iradlara münasibət bildirən Azay Quliyev qeyd edib ki, irad bildirən millət vəkilləri ilə məsələni dəfələrlə müzakirə ediblər: “Məsələn, söhbət dövlət siyasətinin formalaşdırılmasında vətəndaşların rəy və təkliflərinin nəzərə alınmasından gedir, dövlət siyasətinin formalaşdırılmasından yox. Ədliyyə Nazirliyində İctimai Şura var, İqtisadi İnkişaf Nazirliyində də belə Şura yaradılacaq. Bizdə çox uğurlu təcrübə var və bu təcrübə qanunvericilikdə əksini tapmalıdır. İctimai dinləmələrlə ictimai iştirakçılıq arasında incə fərq var. Zahirən bir-birinə oxşasalar da, mahiyyətcə fərqlidirlər”.
A.Quliyev qanun qəbul olunmamış onun işləməyəcəyini söyləməyi düzgün saymayıb: “Millət vəkilinin, partiya sədrinin belə fikir işlətməsi məni təəccübləndirdi. Səlahiyyət də çox deyil, hər bir məsələ burada tənzimlənib.
Sonda qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul olunub.