Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.
“APA-Economics”in məlumatına görə, iclasda ilk növbədə 2015-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərə təsdiq olunmaq üçün yenidən baxılır.
Bundan başqa, iclasın gündəliyinə “İcbarı sığortalar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Məşğulluq haqqında” qanunlara, Vergilər Məcəlləsinə və Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər də daxildir. Gündəlikdə Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi də var.
Bundan başqa, M.N. Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında və “Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” sazişin təsdiq edilməsi haqqında Azərbaycan respublikası qanunun layihəsi də müzakirə olunacaq.
Xatırladaq ki, noyabrın 18-i, 19-u və 20-də Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsinin layihəsi, o cümlədən dövlət büdcəsi zərfinə daxil olan bir sıra sənədlər müzakirə olunub. Müzakirələr zamanı Milli Məclisin üzvləri bəzi təkliflər irəli sürüblər.