Bakı. Ramiz Mikayıloğlu-APA. Milli Məclisin (MM) oktyabrın 17-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, gündəliyə 30 məsələ daxil edilib.
Bunların əksəriyyəti qanunlara dəyişiklik və əlavələrlə bağlıdır. Bu sırada “Hərbi qulluqçuların statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Turizm haqqında”, “Məşğulluq haqqında”, “Yoluxucu xəstəliklərin immun profilaktikası haqqında”, “Dövlət rüsumu haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında,” “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında”, “Yol hərəkəti haqqında”, “Notariat haqqında”, “Sosial sığorta haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında” və “Qrant haqqında” qanunlara dəyişikliklər və əlavələrlə bağlı layihələr var.