Bank Of Baku

MSK sədrinin müavini: “Bizdən qüsursuz, ideal, dünyanın heç yerində olmayan seçki istəyirlər”

MSK sədrinin müavini: “Bizdən qüsursuz, ideal, dünyanın heç yerində olmayan seçki istəyirlər”
# 15 dekabr 2014 08:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə “Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları” mövzusunda konfrans keçirilib.

 

APA-nın məlumatına görə, konfransda KİVDF-nin maliyyə yardımı ilə həyata keçirilən “Jurnalistlərin bələdiyyə seçkiləri prosesində müşahidəçi kimi iştirakına yardım” layihəsi çərçivəsində Seçki Məcəlləsində, MSK-nın təlimatlarında və digər qanunvericilik aktlarında əks olunmuş müddəalardan seçmələr əsasında hazırlanmış “Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi” kitabçası da təqdim edilib.

 

Konfransda çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, jurnalistlər seçki prosesini işıqlandırmaqda mühüm rol oynayır. Onun sözlərinə görə, tədbir jurnalistlərin seçki prosesində fəaliyyətinə həsr edilib. MSK sədrinin müavini Natiq Məmmədov isə bildirib ki, seçki prosesinin bütün iştirakçılarının maariflənmiş olması, öz vəzifə və hüquqlarını bilməsi vacibdir. Eyni zamanda seçki prosesinin iştirakçılarının obyektiv məlumat almaq hüququ da var: “Ona görə də seçki prosesini KİV-in iştirakı olmadan təsəvvür edə bilmərik. Seçki insanların öz hakimiyyətlərini formalaşdırmaqda ən demokratik üsul və vasitədir. Ona görə də seçkiyə layiqli münasibət vacibdir. Seçkinin məqsədi güclü və zəifi müəyyən etməkdir. Bir çox hallarda insanlar səsvermə gününü seçki prosesinin mahiyyəti sayırlar. Amma seçki tək seçki günündən ibarət deyil”.

 

N.Məmmədov qeyd edib ki, seçki prosesinin ideal olması mümkün deyil: “Çünki insan olan yerdə səhvlər qaçılmazdır və belə böyük proses ideal ola bilməz. Azərbaycan mediası həmişə seçkinin işıqlandırılmasında mühüm rol oynayıb. Obyektiv və qərəzli olmasına baxmayaraq, Azərbaycanı tənqid etmək istəyənlər etiraf edirlər ki, Azərbaycan seçkisi böyük inkişaf yolu keçib, öz seçicilərinin hüquqlarına şərait yaratmaq baxımından öndədir. O başqa məsələdir ki, bizdən qüsursuz, ideal, dünyanın heç yerində olmayan seçki istəyirlər, göstərilən münasibətlərdən bunu sezmək olar. Artıq xalqımız, dövlətimiz o qədər inkişaf edib ki, bizə münasibət bu cür olur. Dünyada bizim başa düşdüyümüz mənada seçki keçirən inkişaf etmiş demokratiyaya malik ölkələrin ortaya qoyduğu fəaliyyət bizdən üstün deyil. Bu gün o ölkələrin fərqli cəhəti vətəndaşının vərdişi ilə bağlıdır”.

 

N.Məmmədov inkişaf etmiş demokratiyaya malik olan ölkələrdə seçkilər adətlər formasında idarə olunmağa çox yaxındır: “Seçki adətlərin ayrılmaz bir hissəsidir. Ona görə də aktiv təşkilatçılıq baxımından müqayisə aparsaq Azərbaycan seçkiləri üstündür. Amma seçki elə böyük prosesdir ki, komissiyaların, partiyaların işi sayıla bilməz. Bu böyük prosesdir və bu məsuliyyəti bölüşdürən böyük qüvvə seçicilərdir. Ona görə də biz maarifləndirməni, seçki prosesinin iştirakçılarının düzgün məlumat almasını yüksək qiymətləndiririk”.

 

Konfransda hüquqşünas Aydın Kərimov “Demokratik cəmiyyətdə KİV-lərin seçki müşahidəçiliyinin əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, bələdiyyə seçkilərində jurnalistlərin bələdiyyələrə namizəd qismində çıxış etməməsini qüsur sayıb. A.Kərimov hesab edir ki, jurnalistlər namizəd kimi çıxış etsəydilər, proses barədə daha dərindən məlumatlı ola bilərdilər.

 

Daha sonra hüquqşünas Ələsgər Məmmədli “Seçki prosesində medianın məsuliyyəti”, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Jurnalistlərin seçki məntəqələrində davranış qaydaları” mövzusunda məruzələrlə çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR