Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus hərbi helikopterin vurulması ilə bağlı bəyanat yayıb.
Partiyadan APA-ya verilən məlumata görə, bəyanatda noyabrın 12-də Ağdam rayonun işğal olunmuş ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində hərbi uçuş keçirən Ermənistana məxsus hərbi-hücum helikopterinin hərbçilərimiz tərəfindən vurulmasının tam qanuni olduğu bildirilir:
“BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin qüvvədə olduğu halda, ATƏT-in Minsk Qrupunun Azərbaycanın işğal olunmuş ərazilərində “neytral zona” axtarışları qəbuledilməzdir. Müsavat Partiyası bəyan edir ki, Azərbaycan tərəfi ölkənin işğal olunan bütün əraziləri üzərindəki hava məkanını uçuşlar üçün qapalı zona elan edib. Bu baxımdan, Azərbaycanın hava məkanını və uçuşlarla bağlı qəbul etdiyi qərarları pozan Ermənistana məxsus hərbi helikopterin vurulması tamamilə qanunidir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ağdam rayonu ərazisində vurulan hərbi helikopterin neytral ərazidə vurulması barədə açıqlaması Azərbaycanın suveren hüquqlarına, beynəlxalq normalara zidd olmaqla yanaşı, həm də Minsk Qrupu həmsədrlərinin mandatına uyğun olmayan, konfliktin kəskinləşməsinə xidmət edən bir açıqlamadır”.
Müsavat Partiyası helikopter hadisəsinə dair ATƏT-in Minsk Qrupunun bəyanatını əsassız, Azərbaycanın suveren hüquqlarına hörmətsizlik sayır, Azərbaycan hakimiyyətindən dövlətin ərazi bütövlüyünün, suverenliyinin təminatı ilə bağlı məsələlərdə həm hərbi, həm də diplomatik sahədə təsirli tədbirlər həyata keçirməyi tələb edir.