Bakı-APA. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə Bakıda keçirilən memarlıq və dizayn üzrə buraxılış işlərinin XXIII beynəlxalq baxış-müsabiqəsi günlərində bir sıra silsilə tədbirlər keçirilib.
Universitetdən APA-ya verilən məlumata görə, bugünkü tədbirdə AzMİU-da Rusiya Federasiyasının bir sıra ali məktəb nümayəndə heyətlərinin rəhbərləri ilə AzMİU arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, keçdiyi tarixi yoldan söhbət açıb. Rektor son illərdə universitetin beynəlxalq əlaqələrinin də xeyli inkişaf etdiyini diqqətə çatdırıb.
Müsabiqəyə qatılan ali məktəblərin bir neçəsi ilə əvvəlcədən əməkdaşlıq müqavilələri imzalanıb, bir neçəsi yenilənib, bir neçəsi ilə də əvvəldən mövcud olan müqavilələr yenilənib.
AzMİU ilə Rusiya Federasiyasının bir sıra ali məktəbləri arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Sonda Novosibirsk Dövlət Memarlıq İnşaat Universitetinin rektoru Yuriy Skoluboviç, Cənubi Federal Universitetinin Memarlıq və İncəsənət Akademiyasının direktoru Aleksandr Boyarinov, Ufa Dövlət Neft Texniki Universitetinin professoru, əməkdar memar İldar Sabitov, Novosibirsk Dövlət Memarlıq - İncəsənət Akademiyasının rektoru Gennadiy Pustovetov təmsil olunduqları universitetlər ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə görə, AzMİU-nun rektorluğuna, professor - müəllim heyətinə minnətdarlıqlarını bildirib, elm-təhsil və digər sahələrdə əlaqələrin inkişafına daha böyük önəm verəcəklərini söyləyiblər.