Bank Of Baku

Şakir Abbasov: “Əli Kərimlinin böyük səhvləri var”

Şakir Abbasov: “Əli Kərimlinin böyük səhvləri var”
# 21 oktyabr 2014 12:05 (UTC +04:00)

AXCP funksioneri: “Şakir Abbasovun gedişindən heç kim təəssüflənmir”

 

Bakı. Etibar Məmmədov – APA. “Şakir Abbasovun haqqında heç nə yazmaq istəmirəm. Bircə onu yazım ki, onun gedişindən heç kim təəssüflənmir. Görün indi adam özünü partiyada necə xarakterizə edib”. APA-nın məlumatına görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli “Facebook” səhifəsində partiya sədrinin keçmiş müşaviri Şakir Abbasovun ittihamlarına münasibət bildirərkən deyib.

 

R. Daşdəmirli bildirib ki, Ş. Abbasovun istefa verəcəyi gözlənilən idi, çünki partiyada heç kim ona inanmırdı: “Çox təəssüf edirəm ki, Şakir Abbasov partiyamıza qarşı qara yaxmaqda maraqlı olanların əlində vasitəyə çevrildi. Əslində onun nə zamansa belə bir addım atacağı gözlənilirdi. Partiyada ona çoxdan inanılmırdı. Özü də bilir ki, uzun illərdir ki, partiya tədbirlərinə çağırılmırdı. Etimadsızlıq o həddə idi ki, nəinki qurultay nümayəndəsi, heç üzvü olduğu Xəzər rayon təşkilatında konfransa belə nümayəndə seçilməmişdi. Konfrans bazar günü keçirilib. AXCP sədrinin müavini Əbülfəz Qurbanlı və mən konfransda iştirak etmişik. Şakir bəy də konfransdan sonra istefasını verib. Rayon konfransından sonra əmin olub ki, ona nəinki partiya mərkəzində, heç rayon səviyyəsində də inanmırlar. Yaxşı yol, hara istəyir getsin. Nə istəyir danışsın”.

 

Ş. Abbasov isə APA-ya açıqlamasında deyilənləri qəbul etməyib. O, partiya rəhbərliyinin səhv yolda olmaqda ittiham edərək, xalqın artıq AXCP-dən iyrəndiyini vurğulayıb: “Hər şey göz qabağındadır. Orada bəzi adamlar var ki, ancaq özlərini düşünürlər. Nə qədər istəyirsən, vəzifəni zəbt elə, otur orda. Mən onlara dəfələrlə deyirdim ki, səhv yoldasınız. Camaat sizdən iyrənib. Sizin bundan xəbəriniz var? Mən sizə əyilmirəm, mən sizə sınmıram. Mənə deyirlər ki, bizə biət eləməlisən. Məni gəldiyim yol əymədi, siz əyəcəksiniz? Hərəkatda olmamısan, bir iş görməmisən, şəxsi mənafelərin üçün partiyaya gəlmisən. Mənə partiyada inam qalmayıbsa, qalmasın. Orada iclas yox idi ki, mən qatılım. 5-10 nəfər yığışıb, səs qırağa çıxmasın deyə “xısın-xısın” söhbət edirdilər. İclaslar qapalı olurdu. Müxalifətin iclası açıq olmalıdır. Görürdüm, elə adamlar var ki, heç müxalifətə yaraşmır. Heç səviyyəsi yoxdur. 3 dənə qoyun versən, aparıb ikisini itirər. Elə olsa, mən də sabah özümü aparıb 40 dənə yerə “dürtüm” deyim ki, müxalifətəm. Özlərinə baxsınlar, sonra da ətrafdakıları ittiham etsinlər”.

 

Ş. Abbasov deyib ki, partiyadakı vəziyyətlə bağlı dəfələrlə Əli Kərimliyə müraciət etsə də, heç bir tədbir görülməyib: “Əli Kərimlinin də böyük səhvləri, böyük günahları var. Görünən dağa nə bələdçi?! Dəfələrlə onun üzünə demişəm ki, biz düz yolda deyilik. Nə daxili siyasətimiz, nə də xarici siyasətimiz düz yoldadır. Əli Kərimli yanındakı inamlı adamları inamsız çıxarıb. Orada quldurluqla məşğul olan adamları eşitdi, düz adamları eşitmədi. Budur, onun səhvləri. Bax gör, sənə sözü deyən kimdir? Ona görə də gözləyirik ki, filan ölkədən filankəs gələcək, bəyanat verəcək, ya məktub gələcək. Bu gün evini idarə edə bilməyənlər, mənə deyir ki, sən bizə tabe olmalısan. Kimsən? Nəsən? Bu millətə nə etmisən? Mənə inamsızlıq var deyirlər. Mən nə etmişəm? Bəlkə 50-100 minlik maşın sürürəm? Bəlkə, böyük bir dəm-dəzgahda yaşayıram? Orada əksəriyyət partiyanın apardığı siyasətdən narazıdır. Mənim heç kimlə şəxsi davam yoxdur. Mənim davam adını müxalifət qoyub, xalq zülm edənlərlədir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR