Bakı. Ramiz Mikayıloğlu - APA. Müxtəlif partiyalarda təmsil olunan və olunmayan müxalif görüşlü gənclər parlament seçkilərinə vahid komanda kimi qatıla bilər.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü Tural Abbaslı deyib.
T. Abbaslı bildirib ki, nisbətən tanınmış müxalif gənclər olaraq 2015-ci ildə keçiriləcək parlament seçkilərinə Koordinasiya Mərkəzində birləşərək qatılmaq niyyətləri var: “Bir firqəni, partiyanı, təşkilatı, strukturu əhatə edən gənclər kimi yox, Azərbaycan siyasi arenasında nisbətən tanınmış və mübarizə aparmış gənclərin bir araya gəlməsindən söhbət gedir. Gənclərin önə çıxması, hansısa iddialarla çıxış etməsi təəssüf ki, müxalif siyasi arena tərəfindən nisbətən qısqanclıqla qarşılanır. Bu, sirr deyil. Koordinasiya Mərkəzi, yaxud Əlaqələndirmə Mərkəzi yaradaraq parlament seçkilərində birlikdə iştirak etmək istəyirik. Yəni yeni gənclər komandası, gənclər heyəti kimi siyasi arenaya, cəmiyyətə bir təqdimat olsun. Bu o demək deyil ki, bu Koordinasiya Mərkəzi, yaxud Əlaqələndirmə Mərkəzində təmsil olunacaq gənclər parlament seçkilərinə bu qurumun adından namizəd olacaqlar. Mən yenə də Müsavat Partiyası, digəri öz təşkilatı adından namizədliyini verəcək. Yaradacağımız qurum müxtəlif təşkilatlardan olan gənclərin birliyi olacaq. Əsas amil yeni, gənc siyasətçilərin bir araya gəlməsidir”.
T. Abbaslı ilkin mərhələdə Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Bəxtiyar Hacıyev, Cəmil Hacıyev və Ruslan İzzətli arasında bu istiqamətdə ilkin danışıqların olduğunu açıqlayıb: “Yaxın zamanlarda parlament seçkilərində namizədliyini vermək istəyən gənclərlə danışacağıq. Yəqin ki, bu istiqamətdə konkret addım atılacaq”.