Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli sərəncamında qeyd olunur ki, “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu, mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, ... ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır”". APA-nın xəbərinə görə, bunu Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov deyib.
V.Talıbov bildirdiyinə görə, sərəncamda vurğulanır ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir: “Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir””.
Naxçıvanın muxtariyyətinin asanlıqla qazanılmadığını deyən Ali Məclisin sədri vurğulayıb ki, Beynəlxalq Qars müqaviləsi 1921-ci ildə imzalansa da, Naxçıvana 3 il sonra, 1924-cü ildə muxtariyyət verilib. Onun sözlərinə görə, Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə olunub.
Vasif Talıbov qeyd edib ki, Naxçıvanın muxtariyyəti tarixi zərurət idi: “1919-cu ildə Zəngəzur mahalı Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, Azərbaycanla bir olmaq istəyinin qarşısını ala bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar””.
Vasif Talıbovun sözlərinə görə, naxçıvanlıların qanuni hüququ öz tarixi ərazisində yaşamaq, daim Azərbaycanla bir olmaq, ana Vətəndən ayrı düşməmək idi: “Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaranandan sonra naxçıvanlılar dəfələrlə Azərbaycana birləşmək iradəsini ortaya qoysalar da, mövcud siyasi və beynəlxalq vəziyyət bu istəyin həyata keçməsinə imkan verməmişdi. Naxçıvan Milli Şurasının Xalq Cümhuriyyəti hökumətinə məktublarında deyilirdi: “Biz ermənilərə tabe olmuruq. Tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Azərbaycana birləşməsini gözləyirik”. Başqa bir məktubda isə deyilirdi: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz””.
Ali Məclisin sədri qeyd edib ki, Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması bütün dövrlərdə regionda aparıcı siyasi xətt kimi qalıb, əhali tərəfindən dəstəklənib:
“Yaranmış şəraitdə ermənilər tərəfindən torpaqların işğalının qarşısının alınması və Azərbaycandan ayrı düşmüş regionda vahid idarəçiliyin həyata keçirilməsi üçün Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi qabaqcıl ictimai düşüncəni məşğul edən əsas məsələ idi. O vaxt bu istiqamətdə mübarizə iki cəbhədə gedirdi. Birincisi ermənilərə qarşı silahlı mübarizə cəbhəsi idi ki, döyüş qabiliyyəti və əlində silahı olan naxçıvanlılar bu cəbhədə birləşmişdilər. Məşhur Naxçıvan xanlarının nəslindən olan Cəfərqulu xan, Kalbalı xan və Rəhim xan yerli silahlı dəstələrə ümumi komandanlığı həyata keçirirdilər. Şərur taborunun komandanı Fətulla Hüseynov, Sədərək taborunun komandanı Həsən Şahverdi oğlu, Nehrəm taborunun komandanı Kəlbə Muxtar, Cəhri taborunun komandanı Kəlbə Kərim erməniləri geri oturda bilib, Vətənə xidmət nümunəsi göstəriblər”.
“Naxçıvan ziyalıları yaxşı başa düşürdülər ki, mübarizə aparmadan muxtariyyət qazanmaq mümkün deyil. Odur ki, əlində qələm tutanlar da siyasi mübarizə cəbhəsində vuruşurdular. Onlardan yazıçı-publisist Əli Səbri Qasımovun və Naxçıvanın ləyaqətli oğlu Behbud ağa Şahtaxtinskinin adını xüsusi qeyd etmək istəyirik. Behbud ağa Şahtaxtinski Sovet Azərbaycanı hökumətinin ədliyyə naziri olmasına baxmayaraq, Naxçıvanın Ermənistana verilməsi barədə bəyanata etiraz əlaməti olaraq Naxçıvana gəlmiş, yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını almışdı. Sovetlər birliyinin rəhbəri Vladimir Leninə yazdığı xüsusi məktubda o qeyd edirdi: “Naxçıvan diyarı böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir... Bu diyarın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”, deyə Vasif Talıbov çıxışında bildirib.
Vasif Talıbov bildirib ki, beləliklə, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və beynəlxalq Qars müqavilələri imzalandı. Bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası təşkil olundu.
Onun sözlərinə görə, Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda, bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalı və tariximizə daxil olmalıdırlar”.
Heydər Əliyev Naxçıvanın muxtariyyətinin bütün dövrlərdə düşmən həmlələrindən qorunacağını bəyan edərək deyib: “Naxçıvan muxtar respublikadır. Azərbaycanın tərkibindədir. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur. Onu heç kəs dəyişdirə bilməz”.
V.Talıbov qeyd edib ki, Naxçıvanın muxtariyyət statusu ötən 90 il ərzində burada inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq tədbirlərinin aparılmasına şərait yaradıb: “Bu inkişafı şərti olaraq 5 mərhələyə bölmək olar: 1924-1969-cu, 1969-1987-ci, 1987-1993-cü, 1993-2003-cü illər və 2003-cü ildən sonrakı dövr”.
Onun sözlərinə görə, Naxçıvanın muxtariyyət tarixinin 1924-1969-cu illəri əhatə edən dövrü olduqca ağır siyasi, sosial-iqtisadi və mədəni problemlər dövrüdür: “Naxçıvanın hüquqlarını məhdudlaşdırmaq istəyənlər Azərbaycanın bu qədim torpağında inkişafa mane olmaq məqsədi güdürdülər. 1925-ci ilin martında guya Naxçıvanın hakimiyyət strukturlarındakı “xan-bəy elementləri”nin fəaliyyətini araşdırmaq üçün Naxçıvana xüsusi komissiya göndərilib, bir gecədə 50 rəhbər işçi həbs olunub, onlardan 48-i repressiyaya məruz qalmışdı. Bunlar o adamlar idilər ki, Naxçıvanın ermənilərdən müdafiəsində xüsusi fəallıq göstərmişdilər”.
Naxçıvanın iqtisadiyyatına da ağır zərbələr vurulduğunu xatırladan Talıbov qeyd edib ki, keçmiş Sovetlər Birliyinin Dövlət Plan Komitəsində işləyən ermənilər Naxçıvanın duz yataqlarından hasilatın guya baha başa gəldiyini “əsaslandıra bilmişdilər”: “Nəticədə duz istehsalı kəskin azalmış, Azərbaycan öz kimya sənayesini inkişaf etdirmək üçün başqa yerlərdən baha qiymətə duz gətirməyə məcbur olmuşdur. Ötən əsrin 50-60-cı illərində isə Arpaçayın axın istiqamətinin ermənilər tərəfindən dəyişdirilməsi Şərururn suvarma əkinçilyinə ciddi ziyan vurub, kəskin su qıtlığı yaradılmışdır”.
Naxçıvanın muxtariyyət tarixinin 1969-1987-ci illəri əhatə edən ikinci dövrü Talıbov dirçəliş dövrü adlandırıb: “Bu dövrdə böyük dövlət xadimi möhtərəm Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onunla birlikdə isə Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişafına qovuşub”.
“1969-1987-ci illərdə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilib. Naxçıvanın sənayeləşdirilməsinin əsası qoyulub, 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Naxçıvan böyük tikinti meydançasına çevrilib, 45 min nəfər əhalinin yaşadığı yeni massivlər salınıb, şəhər və rayonların, ucqar dağ kəndlərinin infrastruktur sahələri yenilənib, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikilib, köhnə kəndli komalarının yerində müasir üslubda abad evlər ucaldılıb. Artıq 1985-ci ildə Azərbaycanda istehsal olunan daş duzun, üzlük travertinin və şüşə qablar istehsalının hamısı, mineral suların və alt trikotaj məmulatlarının əsas hissəsi, konservlərin və ipək xammalının isə 23 faizdən çoxu Naxçıvanın payına düşürdü”, deyə Talıbov bildirib.
Talıbov bu dövrdə süni göllərin və dəryaçaların yaradılmasının Naxçıvanın xilasına hesablanmış əhəmiyyətli addımlar olduğunu bildirib: “Ulu Öndərimizin səyi nəticəsində 1970-1980-ci illərdə 4 böyük su anbarı, 10-a yaxın sututar tikilib istifadəyə verilib. Bu hesaba əkin dövriyyəsinə daxil edilən torpaqlar xeyli artırılıb, kənd təsərrüfatı dinamik inkişaf yoluna çıxarılıb. Şuşa-Laçın-Biçənək-Naxçıvan təbii qaz xətti, Yevlax-Şuşa-Naxçıvan radio-rele xətləri çəkilmiş, yeni rabitə evləri tikilmiş, hər 3 ailədən biri telefonla təmin olunmuşdu. Energetika və nəqliyyat sahələri də inkişaf etdirilmiş, Araz çayı üzərində 22 meqavat gücə malik su elektrik stansiyası yaradılmış, bütün rayon mərkəzlərində və Naxçıvan şəhərində avtovağzallar, 1976-cı ildə isə Naxçıvan Hava Limanı tikilib istifadəyə verilmişdi. Naxçıvanda “Təbriz” mehmanxanasının tikilməsi və Babək rayonunun yaradılması Ümummilli Liderimizin hələ Sovetlər Birliyinin mövcud olduğu dövrdə daim azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində taleyüklü tədbirlər görməsinin konkret ifadəsi idi”.
O bildirib ki, Naxçıvanın muxtariyyət tarixinin ikinci mərhələsində görülən tədbirlərin nəticəsidir ki, 1980-ci ilin sonuna yaxın ümumi məhsul istehsalı muxtar respublikanın təşkil edildiyi 1924-cü ilə nisbətən 180 dəfə artmışdı. Təkcə 1980-ci ilin 2 günündə 1924-cü il ərzində istehsal olunan qədər məhsul istehsal edilirdi.
Talıbovun sözlərinə görə, 1987-1993-cü illərdə ölkəmizi Heydər Əliyev yolundan döndərməyə uğursuz cəhdlər göstərilib: “Nəticəsi də o oldu ki, Azərbaycan ağır vəziyyətlə üzləşdi. 20 Yanvar faciəsi baş verdi, Dağlıq Qarabağ və ətraf rayonlar işğal olundu. Ölkə iqtisadiyyatı bərbad vəziyyətə düşdü. Separatçı hərəkatlar baş qaldırdı. Azərbaycan fəlakətin bir addımlığında idi. O, siyasi xəritədən silinə bilərdi.
Eyni aqibət Naxçıvan Muxtar Respublikasını da gözləyirdi. Bu dövrün Naxçıvanı təklənmiş, taleyin ümidinə buraxılmış adanı xatırladırdı. Ermənistan tərəfindən təkcə iqtisadi blokadaya yox, həm də informasiya blokadasına salınmış Naxçıvan beynəlxalq aləmdən təcrid edilmişdi”.
Ali Məclisin sədri qeyd edib ki, 1990-cı ilin iyul ayında Heydər Əliyevin Moskvadan Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı siyasi oyunlardan - ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.
“Ümummilli liderimiz 1990-1993-cü illərdə burada baş verən prosesləri xatırlayaraq deyirdi: “1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim həyatımda xüsusi yer tutur. O illər biz Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, böyük faciələrdən xilas etdik. O dövr böyük sınaq dövrü oldu. İnsanların öz torpağına, Vətəninə sədaqətinin sınaqdan keçməsi dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq”.
Aydın məsələdir ki, Ulu Öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi - böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi”, deyə Talıbov bildirib.
V.Talıbov qeyd edib ki, həmin dövrdə Heydər Əliyev quruculuq xəttini davam etdirən Naxçıvan Azərbaycanın digər əraziləri üçün bir nümunə gücündə idi: “Təsadüfi deyil ki, dövlət müstəqilliyini itirmək təhlükəsi yarandıqda bütün Azərbaycan xalqı “Heydər Əliyev hakimiyyətə gəlməlidir” tələbi ilə ayağa qalxdı.
1993-cü ildə böyük dövlət xadiminin ikinci dəfə ali hakimiyyətə qayıdışı bir tərəfdən böyük şəxsiyyətlərin tarixdə oynadıqları rolun daha bir ifadəsi idisə, digər tərəfdən xalqla milli liderin qırılmaz tellərlə bağlılığının nümunəsi idi. On ikinci əsrin görkəmli siyasətçisi Nizamül-mülk deyirdi: “Xalqın iradəsi ilə rəhbərin dühası birləşdikdə ölkə möhkəmlənər, gündən-günə inkişaf edər”.
Onun sözlərinə görə, bu fikirlərdə əks olunan lider və xalq bağlılığının klassik ifadəsi bir daha öz təsdiqini 1993-cü ildən sonrakı Azərbaycan siyasi və iqtisadi mühitində tapdı: “Tarixə qurucu rəhbər kimi daxil olan Ümummilli Liderimizin hakimiyyətdə olduğu illərdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası da sabitliyə və tərəqqiyə qovuşub, davamlı inkişaf və əmin-amanlıq yoluna çıxıb. 1993-2003-cü illər ərzində muxtar respublikada sənaye məhsulunun həcmi 3 dəfə, kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 dəfə artıb”.
“Azərbaycan Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kəndlərinin də inkişafına səbəb olub. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir. Ötən il hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 7 dəfə artaraq 5423 manat olub”, deyə V.Talıbov bildirib.
Onun sözlərinə görüb, 2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artıb. 2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatıb.
Görülən tədbirlər nəticəsində muxtar respublikanın enerji təhlükəsizliyi də təmin olunduğunu bildirən Ali Məclis sədri ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 14 illik fasilədən sonra 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa edilib: “Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz verilməsin. Əgər sovetlər birliyi dövründə muxtar respublika üzrə cəmi 33 min abonentə təbii qaz verilirdisə, indi artıq 81 mindən çox abonent təbii qazla təmin olunur. Əgər 2003-cü ilə qədər muxtar respublikada 1 su elektrik stansiyası vardısa, indi 6 yeni elektrik stansiyası yaradılıb”.
Talıbov bildirib ki, əsas kapitala yönəldilən dövlət investisiyalarının həcmi də 2003-cü illə müqayisədə 4 dəfə artıb. Son 10 ildə 227 inzibati bina, mənzil təsərrüfatı üzrə 42 obyekt, 29 nasos stansiyası, 150 subartezian quyusu tikilib. Kənd və qəsəbələrin də inkişafı diqqətdə saxlanmış, 104 kənd və qəsəbə mərkəzi tikilərək istifadəyə verilib.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülüb, Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi yaradılıb.
“Muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də kompleks tədbirlər görülür. Son illər muxtar respublikada 725 kilometr uzunluğunda yeni avtomobil yolları salınıb, 16 körpü tikilib”, deyə o bildirib.
V.Talıbob qeyd edib ki, əhalinin 70 faizdən çoxunun kənddə yaşaması kənd təsərrüfatını muxtar respublika iqtisadiyyatının əsas sahələrindən birinə çevirib: “2003-cü illə müqayisədə taxıl istehsalında 41 faiz, tərəvəz istehsalında 25 faiz, meyvə və giləmeyvə istehsalında 46 faiz artım əldə olunub. Tələbata uyğun olaraq quşçuluğun və balıqçılığın inkişafı dəstəklənib, ötən 10 il ərzində 60 yeni quşçuluq, 11 balıqçılıq təsərrüfatı istifadəyə verilib.
Hazırda muxtar respublikada 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Sahibkarlığın inkişafı hesabına məhsul istehsalının həcmi daha da artırılıb, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 87 faiz təşkil edib. Yeni istehsal sahələrinin yaradılması hesabına məşğulluq səviyyəsi yüksəlib, ötən 10 il ərzində 59 min yeni iş yeri açılıb ki, bunun da 43 minə yaxını daimi iş yeridir”.
Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlərin görüldüyünü bildirən V.Talıbov informasiya-kommunikasiya sahələrinin sürətlə inkişaf etdirildiyini bildirib: “Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilib, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanılıb. Muxtar respublikanın yaşayış ərazilərinin 92 faizində genişzolaqlı internet, 80 faizində isə simsiz internet xidməti göstərilir. Azərbaycanın ilk peykinin orbitə buraxılması Naxçıvan Muxtar Respublikası ərazisində də keyfiyyətli yayım imkanı yaradıb. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” icra olunub, orta ümumtəhsil məktəblərində hər 14 şagirdə 1 kompyuter dəsti olmaqla 3409 kompyuter, 551 elektron lövhə quraşdırılıb. Quraşdırılmış kompyuterlərin 84 faizinin birbaşa internetə çıxışı təmin olunub”.
V.Talıbov qeyd olunan dövrdə ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin tikintisinə də diqqətin artırıldığını bildirərək, 56 min 926 şagird yerlik 142 orta məktəb binası, 17 uşaq bağçası, 17 məktəbdənkənar müəssisə, 20 uşaq musiqi məktəbi tikilərək və ya yenidən qurularaq gənc nəslin istifadəsinə verildiyini qeyd edib: “Məktəb tikintisində Heydər Əliyev adını daşıyan Fond da yaxından iştirak etmiş, Fondun təşəbbüsü ilə 8 məktəb binası tikilib”.
“Ali və orta ixtisas məktəbləri, elm ocaqları üçün bina və korpusların tikintisi də davam etdirilib, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin institutları üçün 3 korpus yenidən qurulmuş, Batabat Astrofizika Rəsədxanası, Bioresurslar İnstitutunun Nəbatat bağı üçün inzibati binalar, Naxçıvan Dövlət Universiteti üçün 6 tədris korpusu və Elektron Kitabxana tikilib”, deyə o bildirib.
V.Talıbov vurğulayb ki, görülən tədbirlər nəticəsində təhsilin səviyyəsi artıb: “Əgər 2004-cü ildə orta məktəbi bitirən məzunlardan 49 faizi ali məktəblərə sənəd vermişdirsə, 2013-cü ildə bu göstərici 77 faiz olub. 2004-cü ildə abituriyentlərin 30 faizi və ya 891 nəfəri tələbə adını qazanmışdırsa, 2013-cü ildə bu göstərici müvafiq olaraq 52 faiz və ya 1676 nəfər təşkil edib. 2004-cü ildə tələbə adını qazananların yalnız 67 nəfəri qəbul imtahanlarında 500-dən yuxarı bal toplamışdırsa, 2013-cü ildə 500-dən yuxarı bal toplayanların sayı 5 dəfə artaraq 312 nəfər olub. 2004-2013-cü illərdə əldə etdiyi yüksək nailiyyətlərə görə 51 tələbə Prezident təqaüdünə layiq görülüb. Məzunlarımızdan 350 nəfəri Türkiyə, Ukrayna, İngiltərə, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa və Koreya Respublikası universitetlərinə qəbul olunaraq təhsillərini davam etdirirlər”.
Talıbovun sözlərinə görə, ötən dövrlərdə savadlı nəslin yetişdirilməsi ilə yanaşı, əhali sağlamlığının mühafizəsi istiqamətində də tədbirlər davam etdirilib, 71 səhiyyə müəssisəsi tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib.
“Təhsil və səhiyyə ilə yanaşı, elm də inkişaf etdirilmiş, ötən dövr ərzində 149 fəlsəfə doktoru, 32 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir”, deyə o bildirib.
Ali Məclisin sədri qeyd edib ki, həyata keçirilən islahatlar sosial-iqtisadi sahədə də dönüş yaradıb, əhalinin həyat şəraitinin və güzəranının yaxşılaşmasına səbəb olub: “Əhali gəlirlərinin həcmi 2003-cü illə müqayisədə 2013-cü ildə 10 dəfə artıb, hər bir nəfərə düşən gəlirlərin həcmi 2003-cü ildəki 458 manata nisbətən 9 dəfə artaraq 4028 manata qalxıb”.
Onun sözlərinə görə, bu inkişaf əhali artımına və məskunlaşmaya da öz təsirini göstərib: “Son 10 ildə Naxçıvan Muxtar Respublikasının əhalisi 62 min nəfər artıb, əhalinin ümumi sayı isə 436 minə çatıb”.
Talıbov Muxtar respublikada ordu quruculuğu və müdafiə ilə bağlı tədbirlərin də diqqət mərkəzində olduğunu qeyd edib: “Bu gün möhtərəm prezidentin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər nəticəsində yaradılmış ordu birləşmələri etibarlı müdafiəni təmin etməklə yanaşı, işğal olunmuş torpaqların azad edilməsi barədə Ali Baş Komandanımızın bütün tapşırıqlarını yerinə yetirməyə hazırdır!”
“Göründüyü kimi, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bütün sahələrdə uğurlu yol keçib. Bunun nəticəsini təkcə rəqəmlərdə yox, eyni zamanda, real həyatda, şəhər və rayon mərkəzlərimizin, kəndlərimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında görürük”, deyə V.Talıbov əlavə edib.