Bank Of Baku

Ziyafət Əsgərov: “Azərbaycan və Türkiyə Zəfər paradında birliyimizi bir daha bütün dünyaya göstərdi”

Ziyafət Əsgərov

© APA | Ziyafət Əsgərov

# 10 dekabr 2021 13:10 (UTC +04:00)

“Keçən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən, Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı tariximizin şanlı səhifəsidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının ilk olaraq gətirildiyi paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub, Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib: “Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da paradda nümayiş etdirildi. Zəfər paradında müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verdi, hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi. Paradda eyni zamanda Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak etdi. Zəfər paradında Azərbaycan və Türkiyə hərbçiləri birgə addımladı. Ali Baş Komandan İlham Əliyevin Zəfər paradında çıxışında vurğuladığı kimi, bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərdi”.

Z. Əsgərov qeyd edib ki, Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından Türkiyənin dəstəyi hiss olunub: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyə Prezidenti bəyan etdi ki, bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürü idi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirirdi. Azərbaycan və Türkiyə Zəfər paradında birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya bir daha göstərdi. Zəfər paradında Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə addımlaması, həmin gün ölkəmizin hər bir bölgəsinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi tariximizin hər zaman qürurla xatırlayacağımız bir anı idi”.

Komitə sədri Azərbaycan xalqının 30 ilə yaxın Ali Baş Komandanın əmrini və Qələbə gününü gözlədiyini söyləyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfər qazandı, müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan tarixi ədaləti bərpa etdi. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan, 10 mindən çox hərbçisi fərarilik edən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı”.

Z. Əsgərov Vətən müharibəsində Zəfərin memarlarının Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev olduğunu vurğulayıb: “Ümummilli lider Azərbaycanın parçalanmasının, vətəndaş müharibəsinin qarşısını aldı, bir çox təzyiq və təhdidə baxmayaraq iqtisadi inkişafımızın bazisi rolunda çıxış edən “Əsrin müqaviləsi” imzalandı. Durğunluqdan çıxaraq inkişaf edən iqtisadiyyatımız 1 milyondan çox qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə davamlı olaraq böyük həcmdə vəsait ayırmağa imkan verdi. Məhz Ümummilli lider peşəkar ordu quruculuğuna başladı, bazar iqtisadiyyatına keçidi təmin etdi. Beləliklə, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu oldu. Heydər Əliyev kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də davamlı və effektiv ordu quruculuğu həyata keçirdi, müasir silah-sursat və texnika ilə təchizatı təmin etdi, dayanıqlı iqtisadi inkişafın təmin olunması naminə düşünülmüş siyasət yürütdü. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın maraqlarına cavab verən önəmli qərarlar və qətnamələrin qəbuluna nail olundu. Prezident İlham Əliyevin ötən dövrdə atdığı addımların bir daha nə qədər uzaqgörən və rasional addımlar olduğu Vətən müharibəsinin gedişində bir daha təsdiqini tapdı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR