Bank Of Baku

Azərbaycanın millət vəkili Gürcüstan parlamentinin spikeri və Kvemo-Kartli qubernatoru ilə görüşüb

Azərbaycanın millət vəkili Gürcüstan parlamentinin spikeri və Kvemo-Kartli qubernatoru ilə görüşüb
# 27 fevral 2009 08:20 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun rəhbər, millət vəkili Qənirə Paşayeva Gürcüstan parlamentinin spikeri David Bakradze ilə görüşüb. Bu barədə APA-nın Gürcüstan müxbirinə Qənirə Paşayeva bildirib. Millət vəkili deyib ki, D. Bakradze parlamentlərarası dostluq qruplarının işini yüksək qiymətləndirib və Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunu Gürcüstana səfərə dəvət edib. Spiker vurğulayıb qrupların qarşılıqlı səfərlərinin genişləndirilməsi çox vacibdir. D. Bakradze ilə Q. Paşayevanın görüşündə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri də diqqət mərkəzində olub. Q. Paşayeva Gürcüstan parlamentinin spikerindən azərbaycanlıların təhsil sistemindəki problemlərinin və kadr məsələlərinin həlli istiqamətində öz dəstəyini bundan sonra da göstərməsini xahiş edib. Parlamentin spikeri vurğulayıb ki, o, bu sahə ilə bağlı qurumlarla danışacaq və müzakirə olunan məsələlər barədə öz dəstəyini verəcək.
Spikerlə görüşdə hər iki ölkənin üzləşdiyi ərazi bütövlüyü məsələsi də diqqət mərkəzində olub. Q. Paşayeva Gürcüstana səfəri çərçivəsində həmçinin Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze ilə də görüşüb. Görüşdə Gürcüstanda kompakt halında yaşayan azərbaycanlıların problemləri və onların həlli ilə əlaqədar müzakirələr aparıb. D. Kirkitadze jurnalistlərə bildirib ki, Qənirə Paşayevanın son illər bölgədə gördüyü işlər təqdirəlayiqdir: “Biz birlikdə bir çox məsələləri həll etmək üçün yollar axtardıq və bəzi məsələləri demək olar ki, birdəfəlik həll etdik. Bu il 15 kənddə ağsaqqal evləri təmir və bərpa olacaq. Qırmızı Körpüyə qədər uzanan yola asfalt çəkiləcək. Bolnisi rayonunda vaxtilə dəyişdirilən kənd adlarının adı özünə qaytarılacaq”.
Q. Paşayeva isə deyib ki, qubernatorla müzakirələr zamanı quberniya ərazisində və dövlət strukturlarında azərbaycanlı kadrların sayının artırılması məsələsinə də toxunulub: “Gələn ildən 120 azərbaycanlı gənc ayrıca proqramla ümumi dövlət proqramlarından keçmədən xüsusi imtahanlarla Gürcüstanın dövlət ali məktəblərinə qəbul olacaq və pulsuz oxuyacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR