Bank Of Baku

DAK “22 maydan bütövlüyə gedən yol” mövzusunda forum keçirib

DAK “22 maydan bütövlüyə gedən yol” mövzusunda forum keçirib
# 21 may 2009 12:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) “22 maydan bütövlüyə gedən yol” mövzusunda forum keçirib. APA-nın məlumatına görə, forumda siyasi partiyaların təmsilçiləri, millət vəkilləri, Güney Azərbaycandan olan nümayəndələr iştirak edib. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə 2005-ci ildə “İran” qəzetinin azərbaycanlıları tarakana bənzətməsindən sonra Güney Azərbaycanda böyük bir hərəkatın başlandığını xatırladıb. O bildirib ki, İran hakimiyyəti hərəkatı yatırmaq üçün ən müxtəlif üsullardan istifadə edir, insanları təqib və təzyiqlərə məruz qoyur. Ə. Tağızadə belə bir vəziyyətdə Azərbaycan və Türkiyə diaspora təşkilatlarının əlaqəli işləməsini və öz fəaliyyətlərini gücləndirməsini zəruri sayıb.

DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycanda yalnız “bir ovuc” adamın milli yükü daşıdığını, digərlərinin isə bu məsələlərlə maraqlanmadığını qeyd edib: “Sanki insanlarda enerji tükənib. Amma Güney Azərbaycanda başlayan hərəkat göstərir ki, onlarda belə bir enerji var”.

Millət vəkili Fazil Qəzənfəroğlu azərbaycanlıların dünyaya öz haqlarını tanıtmasında problemlər olduğunu söyləyib. O, xarici ölkələrin birində Güney Azərbaycan mühacirət hökumətinin qurulması təşəbbüsü ilə çıxış edib.

AMİP lideri Etibar Məmmədov isə Güney Azərbaycanla bağlı xarici təbliğatın düzgün qurulmadığını bildirib: “Azərbaycanda bəzi şəxslər bildirirlər ki, biz İranla münasibətləri poza bilmərik. Amma mən deyirəm ki, biz münasibətləri poza bilərik. Qoy dövlət münasibətləri pozmasın, biz cəmiyyət olaraq oradakı azərbaycanlıların hüquqları üçün fəaliyyət göstərək”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı güneydə gedən hərəkata mənəvi-siyasi dəstəyin verilməsinin vacibliyini vurğulayıb: “Bu məsələdə əsas ağırlıq Güney Azərbaycanda yaşayanların üzərinə düşür”.

Millət vəkili Qüdrət Həsənquluyev isə Azadlıq meydanında Babəkin heykəlinin qoyulması ilə bağlı hökumətə müraciət edilməsi təşəbbüsünü irəli sürüb: “Çalışmaq lazımdır ki, Güney Azərbaycanda müstəqillik inqilabsız həyata keçsin”. Q. Həsənquluyev xarici ölkələrin birində Güney Azərbaycanın problemlərini dünyaya çatdıran radionun açılmasını da təklif edib.

Forumun sonunda 22 may 2005-ci il hadisələrinin ildönümü ilə bağlı bəyanat qəbul edilib və KİV-ə müraciət ünvanlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR