Bank Of Baku

Faxralı məscidi ilə bağlı yaranmış insident Bakıda müzakirə olunub

Faxralı məscidi ilə bağlı yaranmış insident Bakıda müzakirə olunub
# 23 oktyabr 2009 11:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakıda Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı bölgəsində son vaxtlar baş verən proseslərlə əlaqədar dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, vəkil Aslan İsmayılov bildirib ki, Faxralı kənd məscidi ilə bağlı yaradılan qarşıdurma təsadüf deyil. Onun fikrincə, gürcülər bu tarixi abidələri sıradan çıxarmaq fikrindədir: “Tarixi abidələr yoxa çıxdıqdan sonra insanları assimilyasiya etmək çox asandır. Gürcüstan hakimiyyəti bildirir ki, bu hadisəni törədən hansısa qeyri-hökumət qurumunun üzvləridir. Amma həmin QHT məhz Saakaşvili hakimiyyətə gəldikdən sonra yaradılıb. Hökumətin bu QHT-yə təsir göstərmək imkanının olmadığı barədə deyilənlər doğru deyil”.

“Borçalı” Cəmiyyəti Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı bildirib ki, bu qarşıdurmalar ciddi təhlükələrdən xəbər verir. Onun sözlərinə görə, Gürcüstanı idarə edənlərin həmişə Borçalıya qarşı allergiyası olub: “Qafqaz Müsəlmanları İdarəsinin sədri televiziyada məscidin bərpasına yaradılan problemə etirazını dilə gətirdi. Amma televiziyada etiraz etmək azdır. Şeyx bu məsələni II İlya ilə müzakirə nəticəsində həll edə bilər”.

Əslən Faxralıdan olan vəkil İsaxan Aşurov isə hesab edir ki, məsələləri yalnız hüquqi müstəvidə həll etmək lazımdır: “Həmin məscid Gürcüstan Mədəniyyət Nazirliyində mədəniyyət abidəsi kimi qeydiyyatdan keçməyib. Əvvəlcə bu problemi həll etmək lazımdır”.

Millət vəkili İlyas İsmayılov isə təklif edib ki, toplantı adından QMİ sədrinə müraciət edilsin.

Dəyirmi masanın sonunda Gürcüstan prezidenti Mixail Sakaşvili və Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə Borçalı bölgəsindəki problemlərin həllinə yardım etmək xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR