Bank Of Baku

“ANA VƏTƏN” Avropa Azərbaycanlı Qadınlar Birliyinin yaradılmasından 5 il ötür

“ANA VƏTƏN” Avropa Azərbaycanlı Qadınlar Birliyinin yaradılmasından 5 il ötür
# 16 noyabr 2009 20:58 (UTC +04:00)
Bakı – APA. Niderland Krallığında fəaliyyət göstərən “ANA VƏTƏN” Avropa Azərbaycanlı Qadınlar Birliyinin yaradılmasının 5 illiyi münasibətilə Niderlandın Rijsviyk şəhərindəki “De Koepel” mərkəzində konfrans keçirilib.

Bu barədə APA-ya Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, birliyin sədri Gülşən Kazımova təşkilatın 5 illik fəaliyyəti haqqında çıxışında bildirib ki, “ANA VƏTƏN”də jurnalistlər, alimlər, həkimlər, rəssamlar, yazıçılar, musiqişünaslar, müəllimlər və digər ziyalılar toplanıb. Avropaya inteqrasiya etmiş Azərbaycan xanımları fəaliyyət göstərdikləri institutlarda ən yüksək səviyyədə tarixi Vətənlərini təmsil edirlər. G.Kazımova qeyd edib ki, bu gün Avropanın ciddi iqtisadi böhranla üzləşməsinə baxmayaraq, Azərbaycan qadınları hətta yeni iş yerləri açaraq işsizlik problemlərini bu yolla həll etməyə çalışırlar. ”ANA VƏTƏN” Avropa Azərbaycanlı Qadınlar Birliyi holland torpağında sivil dialoqun kiçik modelidir” - deyən G.Kazımova vurğulayıb ki, birlik üzvləri Avropa vətəndaşı olmaqla yanaşı, Şərq mədəniyyətini, milli adət-ənənələrimizi qoruyaraq öz övladlarına, yeni nəslə ötürür, onlarda dilimizə, milli mənəvi dəyərlərimizə, mədəniyyətimizə sevgi və hörmət aşılayırlar.

Konfransda çıxış edən Azərbaycanın Niderland Krallığındakı səfirliyinin əməkdaşları da təşkilatı yubiley münasibətilə təbrik edib, azərbaycanlı xanımların fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra “ANA VƏTƏN” Avropa Azərbaycanlı Qadınlar Birliyinin 5 illik fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib, qonaqlara hədiyyələr və mükafatlar paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR