Bank Of Baku

Bu gün Frankfurtda Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilir

Bu gün Frankfurtda Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilir
# 21 noyabr 2009 07:19 (UTC +04:00)
Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Diasporla İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinin və Avropanın müxtəlif ölkələrindəki türk icmalarının Dövlət Komitəsinə ünvanladığı müraciətləri nəzərə alaraq belə bir tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edib. DİDK-yə daxil olan müraciətlərdə bildirilir ki, 2009-cu il ərzində regionda baş verən bir sıra mühüm hadisələr, xüsusilə də oktyabrın 10-da Türkiyə və Ermənistan arasında “Diplomatik münasibətlərin qurulmasına dair” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair” protokolların imzalanması Azərbaycan və Türk diaspor təşkilatlarının ciddi narahatlığına, etirazına səbəb olub. Diaspor təşkilatları birmənalı Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu və bu məsələdə Azərbaycan mövqeyini dəstəklədiklərini bildiriblər.

Regionda baş verənlərə dair Azərbaycan və Türk diasporlarının mövqeyinin daha geniş miqyasda ifadə olunmasını zəruri sayan Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək ikigünlük toplantıda Milli Məclisin vitse-prezidenti Bahar Muradova, Prezident Administrasiyası ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri, alimlər, ziyalılar, həmçinin Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri iştirak edəcəklər.

Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası üç paneldən ibarət olacaq. Birinci panel “Azərbaycan-Türkiyə: ortaq tarix, ortaq maraqlar və ortaq problemlər”, ikinci panel “Azərbaycan və Türkiyənin qloballaşan dünyaya inteqrasiyası: reallıqlar, problemlər və perspektivlər”, üçüncü panel isə “Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlığın müasir inkişaf səviyyəsi və perspektivləri” adlanacaq.

Toplantı çərçivəsində “Avropa Azərbaycan İnformasiya Mərkəzi”nin təqdimat mərasimi də keçiriləcək. Belə bir mərkəzin yaradılması Avropadakı Azərbaycan diasporunun təbliğat imkanlarını genişləndirəcək. Mərkəz ölkəmizin tarixi və bugünkü reallıqları haqqında əsasən avropalılara informasiya ötürməklə məşğul olacaq. AAİ-nin yaradılması nəticəsində xaricdə yaşayan soydaşlarımız arasında həmrəyliyin daha da möhkəmlənməsi ilə yanaşı, onlarla Azərbaycan ictimaiyyəti arasında da mühüm körpü yaranacaq.
Toplantısı çərçivəsində həmçinin Avropa Azərbaycan Qadın Təşkilatları Birliyinin Təşəbbüs Qrupu yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR