İrakli Alasaniya Zemo Vedzisi qəsəbəsində yaşayan azərbaycanlılarla görüşüb

İrakli Alasaniya Zemo Vedzisi qəsəbəsində yaşayan azərbaycanlılarla görüşüb
# 07 dekabr 2009 07:53 (UTC +04:00)
Tiflis. Nizami Məmmədazdə-APA. “Gürcüstan naminə Alyans” partiyasının lideri İrakli Alasaniya Tiflisin yaxınlığında olan Zemo Vedzisi qəsəbəsində azərbaycanlılarla görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, İ. Alasaniya azərbaycanlıların dəvəti ilə görüşə gəlib. Alasaniya görüşdə qeyd edib ki, Tiflis çoxmillətli şəhərdir və buradakı siyasi proseslərdə azlıqda yaşayan millətlərin iştirakı həlledici rol oynayacaq: “Biz çalışmalıyıq ki, bu insanlar bütün proseslərə, eyni zamanda siyasətə qatılsınlar. İndi özünüidarəetmə seçkiləri başlanacaq, fikrimcə azərbaycanlıların bu seçkilərdə həlledici rolu olmalıdır. Biz burada onları narahat edən sosial məsələləri müzakirə etmədən öncə, azərbaycanlıların siyasi proseslərdə iştirakını müzakirə etmək istəyirik”.

Onun sözlərinə görə, azərbaycanlıları narahat edən problemlər Tiflisdə də mövcuddur: “Bu işsizlik və sosial problemlərdir. Buna baxmayaraq Zemo Vedzisi də yaşayan azərbaycanlıların özünəməxsus çətinlikləri var”.

Görüşə gələn azərbaycanlılar partiya sədrindən ibadət yeri üçün layihənin həyata keçirilməsinə icazə almaq məsələsində kömək etməsini xahiş ediblər. Azərbaycanlılar həmçinin bildiriblər ki, İrakli Alasaniya ilə görüş onlar üçün çox vacibdir. Çünki o, Gürcüstanda sayılan ciddi siyasi liderlərdən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR