Bank Of Baku

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ilin yekunlarını dəyərləndirib

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ilin yekunlarını dəyərləndirib
# 18 dekabr 2009 10:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 2009-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, komitə sədri 2009-cu ildə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərin təbliği məqsədilə bir sıra tədbirlər keçirildiyini deyib. O bildirib ki, bu il diaspor təşkilatları tərəfindən əsasən 20 Yanvar hadisəsinin 19-cu ildönümü, Xocalı soyqırımının 17-ci ildönümü, 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dünyanın əksər ölkələrində tədbirlər təşkil olunub.

N. İbrahimov 2009-cu ildə görülən digər mühüm işlər haqqında da danışaraq bu il Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Azərbaycan İnformasiya Mərkəzinin yaradıldığını, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası üzərində işin başa çatdığını söyləyib: “Bu il həmçinin dünyanın bir çox ölkələrində yeni diaspor təşkilatlarının, o cümlədən Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransı keçirilib” .

Dövlət komitəsinin sədri bəyan edib ki, 2009-cu ildə prioritet istiqamətlərindən biri də Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası sahəsində mövcud problemlərin aradan qaldırılması olub: “Məlum olduğu kimi, 2008-ci ildə Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 50-də gürcü dili kursları açılıb. 2009-cu ildə əlavə olaraq 34 Azərbaycan məktəbində də gürcü dili kursu açılıb”.

N. İbrahimov ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar yardım ayırmasının da Azərbaycan diaspor təşkilatlarının narazılığına səbəb olduğunu açıqlayıb: “Artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılar bu məsələ ilə bağlı öz etirazlarını ifadə ediblər” .
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR