Bank Of Baku

Xocalı soyqırımı barədə məlumatlar İsveçdə yaradılmış “Beynəlxalq Müharibə qurbanları Memorialı” layihəsinə daxil edilib - FOTO

Xocalı soyqırımı barədə məlumatlar İsveçdə yaradılmış “Beynəlxalq Müharibə qurbanları Memorialı” layihəsinə daxil edilib - <font color=red>FOTO</font>
# 11 yanvar 2010 09:34 (UTC +04:00)
Bakı-APA. “Xocalıya Ədalət” kampaniyasının səyi ilə İsveçdə yaradılmış “Beynəlxalq müharibə Memorialı” (“The Polynational War Memorial”) adlı arxiv layihəsinə Xocalı qətliamının adı daxil edilib. Bu barədə APA-ya İslam Konfransı Təşkilatı Gənclər Forumunun (DƏ-İKGF) mətbuat xidmətindən bildirilib. Məlumata görə, layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı nəşr edilib və faciə istifadəçilərə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilib.

Saytda istifadə edilmiş ədəbiyyat və resurslar içərisində “Xocalıya Ədalət” kampaniyasının rəsmi internet saytından (www.justiceforkhojaly.org) istifadə edilib və sayt kampaniyanın rəsmi saytına yönləndirilib. Xocalı faciəsinin günahsız qurbanlarının siyahısı - adları nəşr edilmiş, qətliam və Dağlıq Qarabağ müharibəsi haqqında geniş məlumat verilib. Xocalı qətliamı Əlcəzair, Srebrenitsa, Darfur, Madaqasqar, Nigeriya, Ruanda, Vyetnam və başqa yerlərdə törədilmiş soyqırımlar və qətliamlarla bir sırada adı çəkilib.

Layihə II dünya müharibəsindən sonra dünyada baş vermiş müharibələr, soyqırımlar və qətliamların qurbanları olmuş insanların siyahısını özündə ehtiva edir, şəkillər və faktlarla birlikdə hadisələrin xülasəsini özündə əks etdirir. 20-ci əsrin ikinci yarısından bu günə qədər həlak olmuş qurbanların siyahıyaalma prosesində insan hüquqları ilə məşğul olan institutlar, alimlər, beynəlxaq və qeyri hökumət təşkilatlar və bu sahə ilə məşğul olan araşdırmaçılar iştiark edir. Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrində məlumatlandırma üçün sərgilər, seminarlar həyata keçirilir və məqalələr çap edilir.

Faciələrlə bağlı qurbanların xatirəsini əbədiləşdirmək üçün İsveçin Stokholm şəhərində özündə universitet, muzey, kitabxana, arxiv, xatirə parkları və başqa komponentləri birləşdirən “Memorial” kompleksinin tikilməsi planlaşdırılır. “Xocalıya Ədalət” kampaniyası kompleksdə Xocalı Soyqırımı bölməsinin açılması ilə bağlı təklifləri layihənin təşkılatçılarına təqdim edib.

Qeyd edək ki, “Xocalıya Ədalət” (Justice for Khojaly) beynəlxalq məlumat kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilib.

Kampaniya çərçivəsində bu ilin fevral ayının 26-də dünyanın 30dan artıq ölkəsində sərgilər, konfranslar, dinc aksiyaların təşkili planlaşdırılır və Xocalıda törədilmiş insanlığa qarşı cinayətin dünya ictimaiyyətinə çatdırılması və hüquqi-siyasi və mənəvi qiymətin verilməsi üçün effektiv təşviqat davam etdirilməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR