Bank Of Baku

Strasburqda «Azərbaycan Respublikasının Diaspor siyasəti və icrası» mövzusunda konfrans keçiriləcək

Strasburqda «Azərbaycan Respublikasının Diaspor siyasəti və icrası» mövzusunda konfrans keçiriləcək
# 16 fevral 2010 21:32 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Fevralın 25-də Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin bölmə müdiri Qafar Əliyevin iştirakı ilə Strasburq universitetinin Yazılı və Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunda (ITIRI) «Azərbaycan Respublikasının Diaspora siyasəti və icrası» mövzusunda konfrans təşkil olunacaq. Bu haqda məlumatı APA-nın Avropa bürosunun əməkdaşına Fransanın Strasburq şəhərində fəaliyyət göstərən «Azərbaycan Evi»-nin sədri Mustafa Əlincə verib.

Mustafa Əlincə bildirib ki, Strasburq Azərbaycan Evi, Xocalı faciəsinin 18-ci ilinin yad edilməsi və Azərbaycanın tanıdılması ilə bağlı fevral ayında Strasburq Universitetinin Türkoloji departamenti və Yazılı və Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutu (ITIRI) ilə əməkdaşlıq nəticəsində silsilə tədbirlər keçirməyi nəzərdə tutur.

Sözügedən konfransdan əlavə fevralın 21-də Xocalı faciəsinə həsr edilmiş xüsusi radio proqramı efirə çıxacaq. Proqram Strasburqdakı yerli (RBS FM 91.9) radiosunda efirə gedəcək və proqramı http://www.radiorbs.com ünvanından internet vasitəsi ilə də canlı olaraq dinləmək mümkün olacaq.

Soydaşlarımız 2 gün ərzində «MAIL» aksiyası da təşkil etmək fikrindədirlər. Fevralın 24-25-də bütün gün Azərbaycan Evinin fransız təşkilatları ilə birgə Xocalı faciəsi barədə fransız, ingilis və türk dillərində 6 mindən çox bildiriş xarakterli meyllərin göndərməsi nəzərdə tutulur. Bu meyllər əsasən Avropa Şurası, Avropa İttifaqı, digər beynəlxalq təşkilatlara, o cümlədən Fransa, Belçika, İsveçrə, Kanada, İsveç, ABŞ, İsrail, Avstraliya kimi ölkələrin senat və dövlət qurumlarına, eləcə də dünya mətbuatına göndəriləcək.

Bundan əlavə, fevralın 26-da Prezident Administrasiyasının bölmə müdiri Qafar Əliyevin Strasburq universitetinin Türkologiya fakültəsi tələbələri qarşısında «Azərbaycan Diasporu və Fransa-Azərbaycan Əlaqələri» mövzusunda çıxışı planlaşdırılıb.

Fevralın 27-də isə Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Strasburqun mərkəzi Kleber meydanında nümayiş keçiriləcək. Hər il olduğu kimi, Strasburqda fəaliyyət göstərən və güclərini birləşdirən 3 cəmiyyət; Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası nümayişdə iştirak edəcəklər. Bundan başqa Strasburqda və ətraf şəhərlərdə fəaliyyət göstərən türk, fransız və digər təşkilatlarının da nümayişə qatılması gözlənilir. Nümayişdən sonra Prezident Administrasiyasının bölmə müdiri Qafar Əliyev Azərbaycan Evində qonaq olacaq və Strasburqda yaşayan soydaşlarımız və tələbələrlə görüş keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR