Bank Of Baku

Sabir Rüstəmxanlı: “Urmiya gölü türklüyün yaranış beşiklərindən biridir”

Sabir Rüstəmxanlı: “Urmiya gölü türklüyün yaranış beşiklərindən biridir”
# 01 aprel 2010 10:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, DAK-ın həmsədri Sabir Rüstəmxanlı son 200 ildə yüz minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına məruz qaldığını deyib. Azərbaycanın şimalında gedən bu soyqırımın güneydə də davam etdiyini bildirən S. Rüstəmxanlı bildirib ki, 1918-ci ildə Azərbaycanın cənubunda 130 minə qədər Azərbaycan türkü qətlə yetirilib: “Amma bu gün İran hökuməti Ermənistana yardım edir. Bunu bizim cənubdakı soydaşlarımız da bilməlidir”. DAK həmsədri 1918-ci ildə baş verən soyqırımı faktlarında Rusiyanın, Leninin də rolunun olduğunu vurğulayıb.

S. Rüstəmxanlı Urmiya gölünün quruması prosesinin getdiyini və bu gölün türklüyün yaranış beşiklərindən biri olduğunu qeyd edib: “Aral gölünün quruması Mərkəzi Asiya üçün hansı problemləri yaradırsa, Urmiya gölünün də quruması bu bölgədə eyni problemləri yaradacaq”. O artıq gölün səviyyəsinin 7 metr aşağı düşdüyünü bildirib. S. Rüstəmxanlı bildirib ki, Cənubi Azərbaycanda baş verən bütün proseslərə biganə qalmayacaqlar.

DAK həmsədri həmçinin qeyd edib ki, aprel ayında DAK rəhbərliyi Kanada və ABŞ-a səfər edəcək, burada Azərbaycanın ümummilli problemləri ilə bağlı toplantılar keçirəcək. Həmçinin, aprelin 9-da İsveçrə paytaxtında «Odlar Yurdu» dərnəyi ilə birgə Azərbaycan türklərinin soyqırımına həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulur.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə isə bildirib ki, Urmiya gölünün qurudulmasına etiraz olaraq sabah Cənubi Azərbaycanda bir qrup insan və Təbrizin “Traktor” futbol klubunun üzvləri Urmiya körpüsündə aksiya keçirəcək. Aksiya iştirakçıları özləri ilə su gətirərək gölə tökəcək və bu problemə simvolik şəkildə öz etirazlarını bildirəcəklər. DAK rəhbərliyi isə bu aksiyaya dəstək olaraq sabah İranın Azərbaycandakı səfirliyinin binası qarşısına su qoyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR