Bank Of Baku

Berlində Beynəlxalq Qaçqınlar və Məcburi Köçkünlər Gününə həsr olunmuş tədbir keçirilib

Berlində Beynəlxalq Qaçqınlar və Məcburi Köçkünlər Gününə həsr olunmuş tədbir keçirilib
# 23 iyun 2010 08:29 (UTC +04:00)
Bakı-APA. Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşəbbüsü ilə Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti ilə birlikdə Beynəlxalq Qaçqınlar və Məcburi Köçkünlər Gününə həsr olunmuş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnur Əliyev və Azərbaycanın Almaniyadakı səfirliyinin 1-ci katibi Fikrət Axundov iştirak ediblər. Alman-Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri İsmayıl Əmikişiyev tədbiri açaraq qonaqları salamlayıb, belə bir tədbirin vacib əhəmiyyət daşıdığını vurğulayıb. AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova isə Beynəlxalq Qaçqınlar və Məcburi Köçkünlər Gününün yaranma tarixi haqqında məlumat verib. O bildirib ki, 2000-ci il dekabrin 4-də Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 20 iyun Beynəlxalq Qaçqınlar və Məcburi Köçkünlər Günü elan edilib. 2001–ci ildə BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının təsis edilməsinin 50 illik yubileyi qeyd olunub və Beynəlxalq Qaçqınlar və Məcburi Köçkünlər Günü də həmin tarixdən qüvvəyə minib. Artıq 9 ildir ki, dünya ictimaiyyəti bu tarixi qeyd edir, bütün bəşəriyyətin problemi olan qaçqın və məcburi köçkün mövzusuna bir daha diqqət yönəldilir. S.Patzer-İsmayılova Azərbaycan diasporunun bu tarixi ilk dəfə qeyd qtdiyini də qonaqların qiqqətinə çatdırıb. DİDK-nin nümayəndəsi E.Əliyev öz çıxışında Azərbaycan tarixində 200 ildən artıq mövcud olan qaçqın və məcburi köçkün problemindən danışıb, bu problemi əks etdirən sarsıdıcı fakt və rəqəmləri açıqlayıb. O, həmçinin Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, həyat şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə geniş məlumat verib. Səfirliyin əməkdaşı Fikrət Axundov Almaniyada məskunlaşmış qaçqınların sosial problemlərinin həllindən söhbət açıb. Qarabağdan, Ermənistan ərazisindən qacqın düşmüş və indi Almaniyada yaşayan cəmiyyət üzvləri öz mənəvi sarsıntılarını, Vətən həsrətlərini tədbir iştirakçıları ilə paylaşıb, üzləşdikləri problemləri açıqlayıb, eyni zamanda mövzu ilə bağlı qonaqlara suallar veriblər. Tədbirdə aparılan müzakirələrdə qaçqın və məcburi köçkün azərbaycanlıların taleyinə biganə qalmamağın, onların problemlərinin həllinə diqqət göstərməyin vacibliyi vurğulanıb. AAKM-nin rəhbərliyi Ermənistandan deportasiya olunmuş və Qarabağ müharibəsi zamanı ev-eşiyini, doğma torpağını itirmiş, indi Almaniyada yaşayan azərbaycanlılardan ibarət işçi qrupun yaradılmasını təklif edib. Qeyd olunub ki, canlı şahid kimi məhz onların vasitəsilə alman ictimaiyyətinə Azərbaycan həqiqətlərinin təqdim olunmasının əhəmiyyəti daha böyükdür.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR