Bank Of Baku

ABŞ-dakı Azərbaycan diasporu Dağlıq Qarabağ separatçılarının liderinin iştirakı ilə Kaliforniyada konfrans keçirilməsinə etiraz edir

ABŞ-dakı Azərbaycan diasporu Dağlıq Qarabağ separatçılarının liderinin iştirakı ilə Kaliforniyada konfrans keçirilməsinə etiraz edir
# 11 noyabr 2010 08:20 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. ABŞ-dakı Azərbaycan diasporu Kaliforniyanın Beynəlxalq Məsələlər Şurasına (WAC) məktub göndərərək, gələn həftə Şurada Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın iştirakı ilə keçiriləcək tədbirlə bağlı təəssüf və etirazını bildirib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, WAC-ın saytında noyabrın 19-da “Qafqazda çaxnaşma: millətin öz müqəddəratını təyinetmə hüququ və regional sabitliyin perspektivləri” mövzusunda konfrans keçiriləcəyi barədə xəbər yerləşdirilib.

“Bako Saakyan hər hansı respublikanın prezidenti deyil, o, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisində, işğal olunmuş Qarabağda Ermənistan hakimiyyətinin yaratdığı marionet separatçı rejimin lideridir. O, hansısa mövcud olmayan “Artsax-Dağlıq Qarabağ Respublikası” pasportu ilə deyil, məhz Ermənistan pasportu ilə səfərə çıxır və ABŞ vizası alır. Bu rejimi heç kim, o cümlədən ABŞ hökuməti də tanımayıb. Bütün dünyada Qarabağ bölgəsi Azərbaycanın “de-jure” hissəsi kimi tanınır”, - deyə ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) WAC sədri Timor Rafiqə göndərdiyi məktubda bildirilir.

Məktubda qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında müharibə “Azərbaycandan azad olmaq” üçün aparılmayıb, bu, suveren Azərbaycana, onun müharibədən əvvəl və müharibə gedişində evindən didərgin salınmış əhalisinə qarşı açıq təcavüzdür. Bu, etnik təmizləmə və insanlığa qarşı cinayətlərlə, 1992-ci ildə Xocalı qətliamı ilə nəticələnən bir müharibədir.

“Azərbaycan terrorizmə qarşı müharibədə ABŞ-ın strateji müttəfiqi və enerji sektorunda etibarlı tərəfdaşıdır. Onun Ermənistanın potensialından bir neçə dəfə böyük, müstəqil və inkişaf edən iqtisadiyyatı var. Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı separatçı rejim isə ləng inkişaf, batmış iqtisadiyyat, geniş miqyaslı emiqrasiya və böyük həcmli borclara malikdir, çünki Azərbaycan ərazisinin hərbi işğalı onun iqtisadiyyatını əldən salıb”, - deyə məktubda bildirilir.

Azərbaycan diasporu WAC-ı konfransı təxirə salmağa çağırıb: “Çünki bu, Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş insanların xatirəsinə təhqir olardı”.

Diaspor, həmçinin Şuranı B. Saakyanı mövcud olmayan psevdo-dövlətin - “Artsax-Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” kimi təqdim etməməyə və tanımamağa çağırıb.

“Bu tədbir ABŞ hökumətinin də vasitəçilik etdiyi münaqişənin həlli prosesinə heç nə verməyəcək, çünki bu cür tədbirlər ABŞ hökumətinin rəsmi siyasətinə ziddir”, - deyə müraciətdə vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR